İlahiyyat İnstitutunun müəllimi beynəlxalq konfransda iştirak edib

12 Aprel, 2022

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dinşünaslıq kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Aliyə Mürsəlova Kolumbiya Respublikasının Boqota şəhərində keçirilən beynəlxalq konfransda onlayn formatda iştirak edib. Qeyd edək ki, tədbir “Latın Amerikası: sosial və humanitar elmlər” mövzusunda təşkil olunub.

A.Mürsəlova “XIX-XX əsrlərdə Azərbaycanın din və təhsil sistemində qadın siyasəti” mövzusunda çıxış edib. Məruzəçi İslam dininin təhsil prosesində kişi ilə qadını eyniləşdirdiyini, həmçinin qadınların təhsil almalarına böyük önəm verdiyini vurğulayıb.

A.Mürsəlova daha sonra sovet hakimiyyəti və Azərbaycan müstəqillik qazandıqdan sonrakı dövrlərdə qadınların din və təhsil sahəsindəki rollarından bəhs edib. Bildirib ki, 1889-cu ildə Nigar Şıxlinskaya ali təhsil alan ilk azərbaycanlı qadın olmuşdur. Qeyd edib ki, Aleksandra imperator rus-müsəlman qız məktəbi – ilk dünyəvi qız məktəbi idi.

Məruzəçi vurğulayıb ki, Rusiya imperiyasında və müsəlman Şərqində ilk məktəb 1901-ci ildə Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmış və fəaliyyət göstərmişdir. 1908-ci ildə xeyriyyəçi Həmidə Məmmədquluzadə oğlan və qızların birgə təhsil aldıqları ilk məktəbin əsasını qoymuşdur.

A.Mürsəlova Azərbaycan müstəqillik qazandıqdan sonrakı dövrdə ölkəmizdə din təhsilinə verilən önəmi xüsusi qeyd edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun təsis edilməsi, ali təhsil müəssisəsinin fəaliyyəti haqqında da məlumat verib.

alt menü