İlahiyyat İnstitutunun kafedra müdiri beynəlxalq konfransda iştirak edib

18 İyul, 2025

Avstriyanın paytaxtı Vyana şəhərində Vyana Universitetinin təşkilatçılığı ilə keçirilən “Din və sosial-mədəni transformasiya: Avropa və xaricindəki perspektivlər” mövzusunda beynəlxalq konfrans baş tutub. Konfransda dünyanın bir çox universitetlərinin alimləri, o cümlədən Azərbaycan İlahiyyat İnstitutu Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov da iştirak edib.

A.Qafarov AMEA-nın müxbir üzvü, professor Könül Bünyadzadənin ideya müəllifliyi və təşəbbüsü ilə təşkil olunmuş paneldə “Bölünmüş dünyada inanc ilə ağıl arasında körpü qurmaq: interdissiplinar perspektiv” mövzusunda elmi məruzə ilə çıxış edib.

A.Qafarov mövzunun aktuallığı haqqında məlumat verib. O, dünya cəmiyyətlərində qütbləşmənin amili kimi, sözügedən mövzunun psixoloji, sosial, siyasi, etik, iqtisadi və hüquqi cəhətləri haqqında danışıb. Birgəyaşayışı təmin edən dəyərlərə dair şüurun formalaşmasında fəlsəfə və dinin əhəmiyyətini vurğulayan A.Qafarov ictimai həmrəyliyin təmin olunmasında fəlsəfi-dini dəyərlərin vəhdəti məsələsini elmi əsaslarla şərh edib.

O, daha sonra cəmiyyətdəki qütbləşmələrin müəyyən dərəcədə həlli istiqamətində dünya dinlərinin müqəddəs hesab edilən mətnlərinin problemlə bağlı ortaq məzmunlarına diqqət çəkib. A.Qafarov bu kontekstdə Farabi, Nəsirəddin Tusi, Jan Jak Russo, Habermas, Con Stuart Mil, İmmanuel Kant, Con Rols kimi məşhur filosofların fəlsəfi əsərlərindən və bir neçə konsepsiyadan müqayisəli şəkildə nümunələr gətirib.

alt menü