İlahiyyat İnstitutunda “Web of Science” bazasına daxil edilmiş jurnallarda elmi məqalələrin nəşr olunması mövzusunda seminar keçirilib

22 Aprel, 2024

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Web of Science” bazasına daxil edilmiş jurnallarda elmi məqalələrin nəşr olunması mövzusunda seminar keçirilib. Seminar Aİİ-nin magistrant və doktorantları üçün təşkil olunub.

Aİİ İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova tədbirdə gənc tədqiqatçılara “Web of science” bazasında qeydiyyatdan keçməyin üstünlüyü və ondan istifadə qaydaları haqqında məlumat verib. E.Əzizova seminar iştirakçılarını “Web of Science” bazasına daxil edilmiş jurnalların müxtəlif təsnifatları ilə tanış edib. Gənc tədqiqatçılar “Web of science” bazasında müəllif və tədqiqat müəssisələri üzrə təkmilləşdirilmiş axtarış qaydaları ilə tanış olublar.

Məruzəçi, ümumilikdə, sosial və humanitar elmlər, xüsusilə ilahiyyat sahəsinə aid jurnalların “Web of science” bazasında axtarış mexanizmləri və həmin nümunələrin reytinqinin müəyyənləşdirilməsi barədə gənc tədqiqatçıları məlumatlandırıb. Seminar iştirakçıları “Web of Science” bazasına daxil edilmiş jurnallarda yerləşdirilməsi nəzərdə tutulan məqalələrin xülasəsini buraya daxil etməklə müvafiq tədqiqat sahəsinə uyğun jurnal təklifinə dair bazanın imkanları ilə tanış olublar.

Seminar çərçivəsində məruzəçi, xüsusilə “Web of Science” bazasına daxil edilmiş ilahiyyat sahəsinə aid jurnallardan nümunələr gətirərək, nəşr üçün tələb olunan qaydalar, müəlliflərin qarşılaşdıqları çətinliklər və onların həll yolları haqqında seminar iştirakçılarına geniş məlumat verib.

Qeyd edək ki, son beş ildə dosent E. Əzizovanın müəllifi olduğu məqalələrdən bəziləri “Web of Science” bazasına daxil edilmiş jurnallarda çapdan çıxıb. Həmin məqalələrlə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://www.webofscience.com/wos/author/record/AAP-2602-2021?state=%7B%7D

alt menü