İlahiyyat İnstitutunda tələbələr üçün seminarlar təşkil olunub

01 Aprel, 2024

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və İdrak İctimai Birliyinin birgə təşkilatçılığı ilə tələbələr üçün silsilə seminarlar keçirilməyə başlanıb. Qeyd edək ki, seminarlar Mərmərə Universiteti Yaxın Şərq və İslam Ölkələri İnstitutunun müəllimi Ravza Altuntaş Çakır tərəfindən Aİİ-də təşkil olunub.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dosent Aqil Şirinov tədbir iştirakçılarını səmimi salamladıqdan sonra, məruzələr üçün qonağa təşəkkürünü bildirib. Rektor silsilə mühazirələrin tələbələrin dünyagörüşlərinə, təhsillərinə müsbət təsir göstərəcəyini qeyd edib, onlara uğurlar diləyib.
Mərmərə Universiteti Yaxın Şərq və İslam Ölkələri İnstitutunun müəllimi Ravza Altuntaş Çakır dəvət üçün Aİİ rəhbərliyinə təşəkkürünü bildirib. Daha sonra o, Aİİ İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizovanın moderatorluğu ilə “İslam siyasi fikri” mövzusunda keçirilən seminarda mühazirə ilə çıxış edib.
Məruzəçi İslamda siyasi düşüncənin mümkünlüyü, onun teoloji mənbələri haqqında ətraflı bəhs edib. İslam siyasət düşüncəsinin təşəkkülü və inkişaf tarixi haqqında geniş məlumat verən Ravza Altuntaş Çakır İslam və klassik yunan fiolosoflarının görüşlərini müqayisəli şəkildə təhlil edib. Həmçinin Qurani-Kərimdə siyasət nəzəriyyəsindən bəhs edilə biləcəyin mümkün olub-olmadığını, Qərb dünyasındakı şərqşünasların bu məsələyə baxışını təhlil edib.
Məruzəçi müasir İslam mütəfəkkirlərinin sözügedən mövzu ilə bağlı fikirlərini müqayisəli şəkildə izah edib.
Seminar qarşılıqlı müzakirələrlə davam edib.
Qeyd edək ki, məruzəçinin Aİİ-də tələbələr üçün müxtəlif mövzularda təşkil olunmuş seminarları beş gün müddətində davam edəcək.

alt menü