İlahiyyat İnstitutunda Bəxtiyar Vahabzadənin yaradıcılığından bəhs edən “dəyirmi masa” keçirilib

18 Noyabr, 2025

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq təsdiq edilmiş Tədbirlər Planına əsasən “dəyirmi masa” keçirilib.

Tədbirdə Aİİ-nin və Bakı İlahiyyat Kollecinin (BİK) tələbələri iştirak ediblər.

Aİİ İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova çıxış edərək, ali təhsil müəssisəsində milli-mənəvi dəyərlərimizin qorunması, Vətənə sədaqətin aşılanması, milli təfəkkürün formalaşması, eyni zamanda, tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, yüksəkixtisaslı kadrlar kimi yetişməsi istiqamətində müxtəlif tədbirlər keçirildiyini vurğulayıb.

İnstitutda Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsində tələbələrin aktiv iştirakının xüsusi əhəmiyyət daşıdığını qeyd edən dosent Elnurə Əzizova vurğulayıb ki, təşkil edilən müsabiqələrdə gənclərin iştirakı vacibdir.

BİK-in Tədris hissə müdiri Hilalə İbadova çıxış edərək, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında məlumat verib.
H.İbadova Bəxtiyar Vahabzadə poeziyasının Vətənə, millətə və Ana dilimizə sonsuz məhəbbət aşıladığını nəzərə çatdırıb, dahi şairin yaradıcılığının araşdırılması, gələcək nəsillərə ötürülməsinin vacib olduğunu bildirib.
Daha sonra Sumqayıt Dövlət Universitetinin müəllimi, fil.f.d. Günel Zeynalova “Bəxtiyar Vahabzadə və Azərbaycançılıq ideologiyası” mövzusunda çıxış edib. O qeyd edib ki, B.Vahabzadə poeziyası milli kimlik, milli qürur, milli dil, milli birlik istiqamətinin qabarıq simvoludur.

Məruzəçi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi B.Vahabzadənin milli istiqlal duyğuları aşılayan əsərləri haqqında söhbət açıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin böyük elmi işçisi, fil.f.d. Sevinc Heydərova “Türk dünyası sözün işığında” mövzusunda məruzə ilə çıxış edib. O, Bəxtiyar Vahabzadə poeziyasında birləşən milli ruh, Ana dili və böyük türk dünyasından bəhs edib.

S.Heydərova şairin yaradıcılıq nümunələrindən azadlıq ideallarını, bölünmüş Vətən həsrətini və türk ellərini birləşdirən mənəvi telləri yeni baxışla təqdim edib, həmişəyaşar şair irsinin bu gün də yaddaşlarda hörmətlə xatırlandığını vurğulayıb.

Tədbirdə Aİİ və BİK tələbələri Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas Bəxtiyar Vahabzadənin poeziya nümunələrini səsləndiriblər.

alt menü