İlahiyyat fakültəsinin dekanı beynəlxalq konfransda çıxış edib
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova ATƏT-in təşkilatçılığı ilə 6-17 oktyabr 2025-ci il tarixində Varşavada keçirilən “İnsan ölçüsü” mövzusunda beynəlxalq konfransda iştirak edib.
E. Əzizova beynəlxalq konfransdakı çıxışında Azərbaycanın dini tolerantlıq modelini təqdim edib. Qeyd edib ki, Azərbaycanda əsrlərboyu müsəlmanlar, xristianlar, yəhudilər və digər dini icmaların nümayəndələri sülh, qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında birgə yaşamışlar və bu gün də dövlət tərəfindən bütün dini icmalara fərq qoyulmadan dəstək göstərilir. Dosent E.Əzizova daha sonra bildirib ki, təmsil etdiyi ali təhsil müəssisəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərir, dini dözümlülüyün həm akademik, həm də ictimai səviyyədə təşviqində mühüm rol oynayır.
Erməni QHT nümayəndələrinin konfrans zamanı səsləndirdiyi əsassız iddialara cavab olaraq, E. Əzizova bildirib ki, Azərbaycan 30 ilə yaxın işğal nəticəsində dağıdılmış dini-mədəni irsini bərpa etmək istiqamətində ardıcıl addımlar atır. Qarabağ bölgəsində işğal dövründə yerlə-yeksan olunmuş bütün dini abidələr hazırda dövlət tərəfindən qorunur və bərpa edilir.
E.Əzizova, həmçinin bəzi erməni dairələrinin nifrət ritorikasının Cənubi Qafqazda sülh quruculuğu prosesinə xələl gətirdiyini, dialoq və qarşılıqlı hörmətin isə regional sabitliyin əsasını təşkil etdiyini vurğulayıb.
Dosent çıxışının sonunda Azərbaycan təcrübəsinin beynəlxalq səviyyədə, o cümlədən ATƏT məkanında tətbiq olunmasının çoxkonfessiyalı cəmiyyətlər üçün praktik və sülhəyönəlik model kimi dəyərləndirilə biləcəyini nəzərə çatdırıb.