Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi İlahiyyat İnstitutunda olub
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin dəvəti ilə Azərbaycanda səfərdə olan Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) rəhbəri Şeyx Faiq Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.
Aİİ rektoru, dosent Aqil Şirinov Şeyx Faiq Nəbiyevi GMİ-yə rəhbər seçilməsi münasibətilə təbrik edib. Rektor ölkələrimiz arasında dostluq münasibətlərindən danışıb, Azərbaycan – Gürcüstan əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. Azərbaycanda yüksək dini-mənəvi mühitin mövcud olduğunu diqqətə çatdıran A.Şirinov dövlət–din siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu istiqamətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Ali təhsil müəssisəsi haqqında geniş məlumat verən Aqil Şirinov İnstitutun tarixi, vəzifələri, qarşıda duran hədəf və məqsədləri barədə bəhs edib.
Rektor müəssisədə həyata keçirilən qəbul prosesi, İnstitutun tələbə kontingenti, həmçinin beynəlxalq əlaqələri haqqında da məlumat verib. Qeyd edib ki, Aİİ-də təhsilin hər üç pilləsi üzrə yüksəksəviyyəli tədris həyata keçirilir. İnstitutda təhsilin tamamilə ödənişsiz olduğunu vurğulayan rektor bildirib ki, bakalavr pilləsində “İslamşünaslıq” və “Dinşünaslıq” ixtisasları üzrə qəbul həyata keçirilir.
Rektor tədris prosesində müasir metodlardan istifadə olunduğunu, Azərbaycanda mövcud multikultural və tolerant mühitin nəzərə alındığını diqqətə çatdırıb.
Aqil Şirinov daha sonra Azərbaycanın haqq mübarizəsi olan 44 günlük Vətən Müharibəsinə diqqət çəkib. Bildirib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu bu işğala 44 gün ərzində son qoydu və ölkənin ərazi bütövlüyü bərpa olundu. Erməni vandallarının tarixi abidələrimizə, məscidlərimizə qarşı törətdikləri cinayət əməlləri haqqında bəhs edən rektor bildirib ki, bu əməllər bütövlükdə islami dəyərlərə qarşı yönəldilib.
Aİİ-nin rəhbərliyinə təşəkkür edən nümayəndə heyəti Azərbaycana səfərindən, xüsusilə Bakı şəhərində keçirilən görüşlərdən məmnunluğunu ifadə edib. Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri Şeyx Faiq Nəbiyev Azərbaycan və Gürcüstanın dini qurumları arasında sıx münasibətlərin qurulduğunu, ölkələrimiz arasında bu sahədə mövcud əlaqələrin daha da möhkəmlənməsi və gələcəkdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsindən əminliyini ifadə edib. Şeyx F.Nəbiyev dünyada radikallığın artdığı indiki dövrdə Azərbaycanın tolerantlıq baxımından müsbət təcrübə yaratdığını söyləyib, bu təcrübənin öyrənilməsinin vacib olduğunu bildirib.
Qonaqlar sonda İnstitutun Kitabxana fondu ilə tanış olublar.