Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir İnstitut tələbələrinin iştirakı ilə baş tutub.
İlahiyyat fakültəsinin dekanı, tədbirin moderatoru dosent Elnurə Əzizova 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, respublikamızın dövlət müstəqilliyini qazanması tarixinə nəzər salıb, bugünün dünyanın hər bir yerində yaşayan azərbaycanlılar üçün önəmli hadisə olduğunu vurğulayıb.
İlahiyyat fakültəsi İslamşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Rəşad Mustafa çıxış edib. Məruzəçi tarixboyu dünyada öz dövlətini, müstəqilliyini qoruyan xalqlardan nümunələr gətirib, onların hansı çətinliklərlə üzləşdiyini diqqətə çatdırıb.
Həmrəylik Gününün tarixindən bəhs edən R.Mustafa ulu öndər Heydər Əliyevin bu məsələdə gördüyü işlər barədə ətraflı söz açıb. O, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsinin Ulu Öndərin adı ilə bağlı olduğunu vurğulayıb. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 16 dekabr 1991-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qəbul etdiyi tarixi qərarı nəzərə çatdıran məruzəçi, həmin zamandan etibarən, hər il bugünün soydaşlarımızın birlik və bərabərlik simvoluna çevrildiyini söyləyib. Azərbaycanda başlayan milli-azadlıq mübarizəsinin tarixindən söhbət açan Rəşad Mustafa suverenliyimizin bərpasınadək olan dövrlər haqqında da məlumat verib. Daha sonra ölkəmizin müstəqillik qazandığı yeni bir dönəmin başlanğıcına – 44 günlük Vətən müharibəsinə nəzər salaraq, savaşdansonrakı mərhələdə Qarabağın dirçəliş tarixinə diqqət çəkib.
Tədbir müzakirələrlə davam edib.