Azərbaycan İlahiyyat İnstitutunun təşkil etdiyi “Qış məktəbi” davam edir

04 Fevral, 2020

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Qəbələ rayonunda təşkil etdiyi “Din, mədəniyyət və cəmiyyət-2” mövzusunda “Qış məktəbi”nin ikinci günü seminar və ziyarətlərlə davam edib.

Günün birinci yarısında tələbələr Heydər Əliyev Konqres Mərkəzində olublar. Burada gənclərə Mərkəz haqqında geniş məlumat verilib. Tikilinin 3 mərtəbədən ibarət olduğu və bütün lazımi infrastrukturla təmin edildiyi nəzərə çatdırılıb. Daha sonra qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 14 avqust 2013-cü il tarixdə Qəbələ rayonuna səfər edərkən Heydər Əliyev Konqres Mərkəzinin açılışında iştirak edib.

“Qış məktəbi”nin iştirakçıları Qəbələ Arxeoloji Mərkəzini ziyarət ediblər. Qəbələnin zəngin tarixinin araşdırılıb üzə çıxarılmasında son illərdə SEBA – Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının gördüyü işlər mühüm yer tutur. Azərbaycanlı alimlərin koreyalı mütəxəssislərlə birlikdə apardıqları arxeoloji tədqiqatlar və qazıntılar zamanı Qəbələ tarixinin açılmamış yeni səhifələri meydana çıxıb. Bildirilib ki, Qəbələ Arxeoloji Mərkəzinin üçmərtəbəli binası sərgi salonu, arxeoloji fond, bərpa laboratoriyası, konfrans zalı və arxeoloqların çalışdıqları otaqlardan ibarətdir. Burada, həmçinin Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun ofisi də fəaliyyət göstərir. Mərkəzdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ arxeoloji qrupu və SEBA-nın dəstəyi ilə Koreya arxeoloqları birgə qazıntı işləri həyata keçirirlər. Arxeoloji qazıntılar, əsasən, Qəbələnin antik şəhər yeri – Səlbir və Qala ərazilərində aparılır. Qazıntılar zamanı əldə olunmuş yeni eksponatlar Arxeoloji Mərkəzdə müasir texnologiyalara cavab verən laboratoriyalarda bərpa olunaraq nümayiş etdirilir.

Xatırladaq ki, fevralın 7-nədək davam edəcək “Qış məktəbi”nin təşkilində əsas məqsəd tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, onların ölkəmizdə mövcud multikultural, tolerant mühitin canlı şahidi olmalarıdır.

alt menü