Azərbaycan İlahiyyat İnstitutunun kollektivi Prezident İlham Əliyevə müraciət ünvanlayıb

15 Aprel, 2022

Möhtərəm cənab Prezident,

Biz - Azərbaycan İlahiyyat İnstitutunun kollektivi İnstitutun yarandığı 2018-ci il fevralın 9-dan etibarən göstərdiyiniz yüksək qayğının daha bir bariz nümunəsi kimi, ali təhsil müəssisəsini müasir standartlara uyğun yeni bina ilə təmin etdiyinizə görə Sizə öz dərin minnətdarlığımızı bildiririk. Mübarək Ramazan ayında və məhz xalqımızın etimadını qazanaraq növbəti dəfə Prezident seçildiyiniz gündə Zati-alinizin iştirakı ilə institutumuzun binasının açılışı təkcə kollektivimiz deyil, bütövlükdə ölkəmizin dini ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Öz şərəfli tarixinin bütün dövrlərində müxtəlif etnos və dinlərin nümayəndələrinin birgəyaşayış təcrübəsini həyat tərzinə çevirmiş Azərbaycan xalqı bu ənənəsini dövlət müstəqilliyimizin bərpasından sonra da möhkəmləndirərək uğurla davam etdirmişdir. Müasir dövrümüzdə Azərbaycanın dini və etnik tolerantlığa nümunə olan dövlətə çevrilməsində ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu Öndərin əsasını qoyduğu dövlət-din münasibətləri modelinin Zati-aliniz tərəfindən uğurla davam etdirilməsi beynəlxalq aləmdə qəbul olunmuş həqiqətdir. Respublikamızda 2016-cı ilin “Multikulturalizm İli” və 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi barədə sərəncamlarınızdan sonra, Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun təsis olunmasına dair sərəncamlarınız bu sahədə mərhələli həyata keçirdiyiniz siyasətin məntiqi nəticəsi, dövlət-din münasibətlərinin tənzimlənməsində yeni dövrün başlanğıcıdır. Qürur hissi ilə deyə bilərik ki, bu gün Zati-alinizin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə həm ölkəmizdə, həm də respublikamızdan kənarda müxtəlif dinlərə aid məbədlərin inşası və bərpası işləri həyata keçirilir. Müzəffər Ali Baş Komandan kimi işğaldan azad olunmuş torpaqlarımızda erməni vandalizminin qurbanına çevrilmiş müsəlman və xristian-alban məbədlərinin bərpası, təmiri və yenidən inşası istiqamətində göstərdiyiniz qayğı və diqqət dini camiə tərəfindən böyük məmnuniyyətlə qarşılanmışdır.

Möhtərəm cənab Prezident, bir daha kollektivimizə göstərdiyiniz qayğı və diqqətə görə Zati-alinizə öz dərin minnətdarlığımızı bildirir, dövlətimizin inkişafı, Vətənimizdə və dünyada sülhün bərqərar olması istiqamətində məsuliyyətli və şərəfli fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.

Uca Yaradan Sizi və Vətənimizi qorusun!

Dərin ehtiramla,

Azərbaycan İlahiyyat İnstitutunun kollektivi adından,

rektor Şirinov Aqil.

Azərbaycan Respublikası, Bakı şəhəri.

alt menü