Azərbaycan İlahiyyat İnstitutunda doktoranturaya ilk dəfə qəbul həyata keçirilib

16 İyun, 2020

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) doktoranturaya ilk dəfə qəbul həyata keçirilib. Doktoranturaya keçirilən qəbul imtahanlarında fəlsəfə doktoru proqramı üzrə iki nəfər qəbul olunub: Dinşünaslıq ixtisası üzrə əyani doktoranturaya bir nəfər, Dinin tarixi və fəlsəfəsi ixtisası üzrə əyani doktoranturaya bir nəfər.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.12.2019-cu il tarixli 737s nömrəli Sərəncamı ilə İnstitutun 2019-cu il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.07.2010-cu il tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na əsasən, yüksəkixtisaslı elmi kadrların hazırlanması məqsədilə Azərbaycan İlahiyyat İnstitutunda fəlsəfə doktoru proqramı üzrə doktoranturaya əyani təhsilalma formasını həyata keçirmək, həmçinin dissertantlıq yolu ilə reallaşdırmaq üçün sənəd qəbulu elan olunmuşdur.
Məlumat üçün bildirək ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmışdır. Aİİ-də bakalavr, magistratura və doktorantura səviyyələri üzrə qəbul həyata keçirilir. Qeyd edək ki, 2020-2021-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə əcnəbi tələbələrin qəbulu da nəzərdə tutulur.

alt menü