Azərbaycan İlahiyyat İnstitutunda 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş vebinar keçirilib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunan vebinarda Aİİ-nin tələbələri iştirak ediblər.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təhsil müəssisələrinin fəaliyyətinin səmərəli davam etdirilməsi məqsədilə Nazirlər Kabinetinin Qərarına əsasən, noyabrın 14-dən 22-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən ali təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formatda təşkil olunur.
Tədbirdə Aİİ İslamşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Rəşad Mustafa çıxış edib, tarixi gün haqqında geniş məlumat verib, Milli Dirçəliş Gününədək baş vermiş tarixi hadisələr barədə ətraflı söhbət açıb.
R.Mustafa 1988-ci ilin noyabr – dekabr aylarında Bakıda başlayan Milli Azadlıq Hərəkatının gedişatı barədə danışıb. Həmin dövrdə yüzminlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz edib, Bakıdakı Azadlıq meydanına axışıb, uzunmüddətli mitinqlərə başlayıb.
Bundan sonra baş vermiş tarixi hadisələri ardıcıllıqla şərh edən R.Mustafa 1990-cı ildə törədilmiş 20 Yanvar hadisələrinin azadlıq hərəkatını daha da gücləndirdiyini vurğulayıb.
Məruzəçi Azərbaycanın müstəqilliyinin bərpası dövrünə də diqqət çəkib. Ümummilli lider Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində gördüyü işləri vurğulayıb.
Milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun hansı çətin mərhələlərdən keçdiyini nəzərə çatdıran R.Mustafa 44 günlük Vətən müharibəsində qazanılan qələbənin birliyin və bərabərliyin nəticəsi olduğunu bildirib. O, Vətən müharibəsi zəfərlə sonlandıqdan sonra, Azərbaycanın suverenliyinin tam bərpası istiqamətində Prezident İlham Əliyevin gördüyü işləri vurğulayıb. Hazırda tarixi torpaqlarımzda geniş vüsət alan yenidənqurma və bərpa işləri haqqında məlumat verib.
Vebinar müzakirələrlə davam edib.