Azərbaycan İlahiyyat İnstitutu maarifləndirmə tədbirlərinə başlayıb

19 Aprel, 2022

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2022-2023-cü tədris ili üzrə ali təhsil müəssisəsinə yüksəkintellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərinə başlayıb. İnstitutun ilk səfəri Xəzər rayonuna olub.

Xəzər Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, Respublika Prezidentinin rəhbərliyi altında ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı aparılan islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir.

G.Qurbanov daha sonra Aİİ-nin yeni binasının açılış mərasiminə diqqət çəkərək bildirib ki, təhsillə bağlı dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, yeni təhsil müəssisələrinin açılması, onların müasir avadanlıqlarla təchiz edilməsi Azərbaycanın gələcək inkişafı üçün atılan mühüm addımlardandır.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov ali təhsil müəssisəsinin yaranması, fəaliyyəti və qarşıda duran hədəfləri barədə geniş məlumat verib. M.Mürsəlov İnstitutun yeni binasının açılış mərasiminin keçirildiyini qeyd edərək, Prezident cənab İlham Əliyevin bu mərasimdə şəxsən iştirak etməsini ölkə başçısının dövlət-din münasibətlərinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi vurğulayıb. O, nəzərə çatdırıb ki, İnstitutun yeni binasında tələbələr üçün hər bir şərait yaradılıb.

M.Mürsəlov bildirib ki, İnstituta qəbul olunmuş hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq. Həmçinin tələbələrin yemək pulu ilə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarının təşkili və digər üstünlüklərə sahib olacaqlarını da nəzərə çatdırıb. Prorektor tələbələrə dəstək xidmətləri, məzunlar üçün iş imkanları haqqında ətraflı məlumat verib.

Aİİ Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin hansı formada təşkil olunduğu, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. O, İnstitutun fəaliyyəti, səfərləri, tələbələr üçün təşkil edilən yay və qış məktəbləri barədə danışıb.

Tədbirdə abituriyentlərə, orta məktəb müəllimlərinə, aidiyyəti dövlət qurumlarının nüməyəndələrinə Aİİ-nin tanıtım videoçarxı, ictimai fəaliyyətini əks etdirən materiallar nümayiş etdirilib.

alt menü