Almaniya Müsəlmanları Mərkəzi Şurasının prezidenti İlahiyyat İnstitutunda olub

26 İyul, 2023

Almaniya Müsəlmanları Mərkəzi Şurasının prezidenti Ayman Matsyek Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.

Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Mübariz Camalov qonağa ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. M.Camalov İnstitutda təhsilin hər üç pilləsi üzrə tədris həyata keçirildiyini qeyd edib. O, daha sonra qonağa bildirib ki, Aİİ-də təhsil tamamilə ödənişsizdir. Tədris zamanı Azərbaycanda mövcud multikultural və tolerant mühit nəzərə alınaraq, müasir metodlardan istifadə olunur.

DQİDK-nın tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) icraçı direktor müavini Ceyhun Əliyev təmsil etdiyi qurum haqqında məlumat verib. Fondun tarixi, yaradılma məqsədi, fəaliyyət istiqamətləri barədə söhbət açıb.

Daha sonra Almaniya Müsəlmanları Mərkəzi Şurasının prezidenti Ayman Matsyek təmsil etdiyi qurum haqqında geniş məlumat verib. Almaniyadakı dini vəziyyət haqqında söhbət açan qonaq müsəlmanların din xadimliyi məsələsinə toxunub. Qonaq Azərbaycandakı multikultural mühitin əhəmiyyətini vurğulayıb, bu təcrübənin öyrənilməsinin vacib olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Almaniya Müsəlmanları Mərkəzi Şurasının prezidenti Ayman Matsyekin səfəri Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

alt menü