Ali təhsil müəssisəsində təhsil alan “Brend tələbə”lər təltif ediliblər

30 Oktyabr, 2025

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən “Brend tələbə” layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.
AzEdu.az və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) birgə təşkilatçılığı ilə ali təhsil müəssisəsində təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

Tədbirdə AzEdu.az Təhsil Portalının direktoru Ləman Novruzova, AzEdu.az Təhsil Portalının müxbiri Esmira Əliyeva, Aİİ İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova, mətbuatla iş üzrə baş mütəxəssis Ayşən Aslanova və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

Mükafatlandırma mərasimində dosent E.Əzizova çıxış edərək, “Brend tələbə” layihəsi ilə bağlı AzEdu.az-a təşəkkürünü bildirib, gəncləri təbrik edib. O qeyd edib ki, bu layihə sizdən sonra gələn tələbələrimiz üçün motivasiya mənbəyidir. Belə ki, İnstitutda, sadəcə, elmi-akademik fəaliyyəti ilə deyil, həmçinin ictimai prosesdə fəallığı ilə fərqlənən tələbələrimiz müəyyən qurumlar tərəfindən təltif edilib, diqqət mərkəzində saxlanılırlar: “Düşünürəm, bu sizdə həm motivasiya yaradacaq, həm də məsuliyyətinizi daha da artıracaq. Məzun olanadək hər biriniz digər tələbələrə nümunə olmalısınız. Burada əyləşən tələbələrin təsadüfən seçildiyini zənn etmirəm. Bu münasibətlə sizi bir daha təbrik edirəm”.

Ləman Novruzova daha sonra “Brend tələbə” adına layiq görülmüş tələbələri təbrik edib. O vurğulayıb ki, “Brend tələbə” adına layiq olmaq böyük qürur, dərin məsuliyyət hissi doğuran bir nailiyyətdir. Bu uğur İnstitutun sizin tələbəlik illərində nümayiş etdirdiyiniz bilik, bacarıq və əzmkarlığınızı yüksək qiymətləndirdiyini göstərir: “Tələbələrin uğurlarının təhsil aldıqları ali məktəblər tərəfindən dəyərləndirilməsi, şübhəsiz, son dərəcə vacibdir. Bu uğurların isə İnstitut divarlarını aşaraq, cəmiyyət və media tərəfindən tanınması gənclər üçün daha geniş motivasiya mənbəyinə çevrilir. Belə tanınma tələbələri yeni nailiyyətlərə, daha yüksək zirvələrə doğru ruhlandırır, onların gələcək fəaliyyətlərinə əlavə stimul verir”, – Ləman Novruzova bildirib.

Sonda isə “Brend tələbə”lərə təltifnamələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

Azərbaycan İlahiyyat İnstitutunun 2024–2025-ci tədris ili üzrə “Brend tələbə” statusuna layiq görülmüş gəncləri aşağıdakılardır:
Emil Qasımov – İlahiyyat fakültəsinin IV kurs tələbəsi;
Murad Zalov – İlahiyyat fakültəsinin III kurs tələbəsi;
Cəlal Cəfərli – İlahiyyat fakültəsinin II kurs tələbəsi;
Reyhan Şirinova – İlahiyyat fakültəsinin II kurs tələbəsi;
Qismət Rzayev – İlahiyyat fakültəsinin III kurs tələbəsi;
Zəhra Eyvazova –İlahiyyat fakültəsinin III kurs tələbəsi;
Məryəm Əzizova – İlahiyyat fakültəsinin III kurs tələbəsi.

alt menü