Aİİ-nin Tələbə Gənclər Təşkilatının üzvləri Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı “Ana harayı” memorial kompleksini ziyarət ediblər

25 Fevral, 2020

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Gənclər Təşkilatının üzvləri Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova ilə birlikdə Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı “Ana harayı” memorial kompleksini ziyarət ediblər.

Ziyarət zamanı abidə önünə tər çiçəklər düzülüb, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.

Qeyd edək ki, ali təhsil müəssisəsi gənclərimizin milli-mənəvi köklərimizə bağlı, dövlətçiliyimizi qoruyub saxlayan, Vətənini sevən, onun yolunda canından keçməyə hazır, vətənpərvər, mərd, cəsur, cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşması üçün qəhrəmanlıq tariximiz haqqında bədii və sənədli filmlərin nümayişini, müharibə iştirakçıları ilə görüşlərin və müxtəlif seminarların təşkilini həyata keçirir. Bu istiqamətdə Azərbaycan İlahiyyat İnstitutu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirir. Belə ki, ali təhsil müəssisəsi Türkiyənin İstanbul şəhərində Xocalıda qətlə yetirilmiş 63 uşaqdan bəhs edən, 4 dildə nəşr olunan “Onlar heç vaxt böyüməyəcəklər” kitabının təqdimatını və faciə qurbanlarına həsr olunmuş fotoşəkillərdən ibarət sərginin nümayişini həyata keçirib. Bundan əlavə, “Bir” Tələbə-Könüllü Proqramı ilə tələbələr üçün “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynov haqqında çəkilmiş “Xüsusi təyinatlı İbad” filminin nümayişini, Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Xocalı: milli tariximizin şəhidlik səhifəsi” mövzusunda tədbir keçirib. Eyni zamanda, orta məktəblərdə Xocalı soyqırımı haqqında tədbirlərdə də Aİİ-nin rəhbər və müəllim heyəti iştirak edib.

Məlumat üçün bildiririk ki, İnstitutun əməkdaşları fevralın 26-da “Ana harayı” memorial kompleksini ziyarət edəcəklər.

alt menü