Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır

15 Fevral, 2019

Prezident İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı sərəncamları Azərbaycan Respublikasında təhsil sahəsində ən yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək, ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanması, tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu islahatların aparılması Prezidentin bütün sahələrlə yanaşı, Azərbaycanda təhsilin inkişafına verdiyi önəm və diqqətin göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov səsləndirib.

Ümummilli lider Heydər Əliyevin gənclərə böyük önəm verdiyini qeyd edən rektor bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla və böyük uzaqgörənliklə davam etdirildiyini vurğulayıb. O nəzərə çatdırıb ki, bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Həyata keçirilən hər islahat, baş verən hər bir hadisə, ilk növbədə, Azərbaycanın xoşbəxt gələcəyinə hesablanıb. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiq edir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin əsas prinsipləri sırasına daxil edilib. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. Təsadüfi deyil ki, son bir neçə ildə ölkəmizdə yeni təhsil müəssisələri yaradılıb, bir çox universitet təmir olunub və yeni korpuslar inşa edilib. Ali təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb.

Rektor bildirib ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Bu qüvvəni yalnız yüksək elm və təhsillə, qabiliyyət və bacarıqla reallaşdırmaq mümkündür. Gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir. Prezident İlham Əliyev bu meyarları nəzərə alaraq, ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük meydan verilməsinin tərəfdarıdır. Bu gün Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir.

C.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi qayğının bir nümunəsi də Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) yaradılmasıdır. Bu gün Aİİ-də təhsil alan tələbələrin təhsillə bağlı bütün ehtiyacları dövlət tərəfindən təmin olunur. Tələbələrin yeməklə, geyimlə təmin olunması istiqamətində tədbirlər həyata keçirilir. Bütün bunlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcək.

alt menü