Aİİ-nin kafedra müdirinin məqaləsi impakt faktorlu jurnalda dərc olunub

25 Oktyabr, 2024

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarovun elmi məqaləsi Rusiyanın impakt faktorlu (Web of Science) “Вопросы философии” (“Fəlsəfənin sualları”) jurnalında dərc olunub. Qeyd edək ki, “Вопросы философии” jurnalı dünyanın nüfuzlu elmmetrik bazası hesab edilən “Web of science”da referatlaşdırılıb.
Jurnalın 3 oktyabr 2024-cü il tarixli buraxılışında A.Qafarovun “Размышление о понятии совести: сравнительный анализ подходов в арабо-тюркской исламской философии” (“Vicdan anlayışına dair düşüncələr: ərəb-türk İslam fəlsəfəsində yanaşmaların müqayisəli təhlili”) adlı məqaləsi rus dilində dərc olunub.
A.Qafarov məqalədə “vicdan” məfhumunun etimologiyası və terminoloji mahiyyətini bu ifadə ilə bağlı klassik və Orta əsr ədəbiyyatına əsaslanaraq izah edib. Məqalədə “vicdan” məfhumu əxlaq və əxlaqi propozisiyaların ontoloji mənbəyi hesab edilən dəyərlərin subyektivliyi və obyektivliyi problemi aspektindən araşdırılıb. Həmçinin yazıda “vicdan” ifadəsi metafizik, epistemoloji və psixoloji müstəvidə geniş şəkildə müzakirə obyektinə çevrilib.
A.Qafarov araşdırmasında tezis olaraq bildirib ki, klassik lüğətlərdə “vicdan” termini ilə bağlı bəzi açıqlamalar olsa da, İslam fəlsəfəsində və onun fundamental mənbələrində həmin ifadə mövcud deyil. Məqalədə etimoloji və elmi-fəlsəfi müzakirələrin mənbəyi olaraq, Rağıb əl-İsfahani, İbn Mənzur, Cövhəri, Cürcani, Mustafa İbrahim, Şəmsəddin Sami, İbn Kəsr, Musa Bilgiz, Mürtəza Mütəhərri, Əbu İshaq əl-Kindi, Farabi, İbn Sina, Qəzali, İbn Miskəveyh, Nəsirəddin Tusi, Aleks Bertrant, Erix From və digər alimlərin mövzunun işıqlandırılmasına kömək edən fundamental əsərlərinə də müraciət olunub.
Məlumat üçün bildirək ki, dosent A.Qafarovun fəlsəfə, teologiya və etikaya dair ölkədaxili və xaricdə tək və həmmüəllifli olaraq bir çox əsəri mövcuddur. Bu məqalə dosent A.Qafarovun Aİİ-dəki fəaliyyəti müddətində “Web of science” beynəlxalq bazalarında referatlaşdırılmış jurnallarda dərc olunan ikinci məqaləsidir. Məqalə ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: https://pq.iphras.ru/article/view/10648

alt menü