Aİİ-də yanvar ayının yekunları ilə bağlı iclas keçirilib

05 Fevral, 2019

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) cari tədris ilində yanvar ayının nəticələrinə həsr olunmuş növbəti iclasını keçirib. İnstitut rəhbərliyi və əməkdaşlarının iştirak etdiyi tədbirdə ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və gələcək perspektivləri müzakirə olunub.
Aİİ rektoru Ceyhun Məmmədov bildirib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına də xüsusi diqqət ayrılır. Rektor vurğulayıb ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Ölkə Prezidentinin Sərəncamı əsasında Aİİ-nin təsis edilməsinin bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu nəzərə çatdıran İnstitut rəhbəri bu ali təhsil müəssisəsinin dövlətin xüsusi diqqət və qayğısı ilə tam əhatə olunduğunu bildirib.
İnstitutun məqsəd və hədəflərindən danışan C.Məmmədov imtahanların gedişatı, yekunları, növbəti semestrlə bağlı hazırlıqların aparılması, müəllimlərin işə qəbulu məsələlərindən bəhs edib.
Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov xarici universitetlərlə əlaqələrin qurulmasının, tələbələrin yay tətili zamanı xarici ölkələrdə təşkil ediləcək məktəblərdə iştirakı istiqamətində görülən işlərdən bəhs edib.
Ali tədris müəssisəsinin İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov imtahanların nəticələri ilə bağlı məlumat verib. O, payız semestri zamanı görülən işlərdən, qarşıya çıxan problemlərdən və gələcəkdə həyata keçiriləcək tədbirlər haqqında məlumat verib.
Kafedra müdirləri Əhməd Niyazov, Elnurə Əzizova, İlkin Əlimuradov tədris prosesi, müəllimlərin fəaliyyəti, kitabların nəşri, elmi məqalələrin çap olunması haqqında görülən işlərd, həmçinin gələcəkdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri haqqında fikirlərini bölüşüblər.
İnstitutun Tədris şöbəsinin müdiri Zərifə Əliyeva imtahan prosesindəki yeniliklərdən, sessiya zamanı yaranan çatışmazlıqlardan, imtahanların nəticələrindən, Operativ Qərargaha daxil olan təklif və şikayətlərdən söz açıb.
Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova magistratura və doktoranturaya qəbulla bağlı məsələlərdən – doktoranturaya qəbul planı, proqramların hazırlanmasından bəhs edib.
Kadrlar şöbəsi və dəftərxana müdiri Yusif Əsgərov işə qəbul olma, işdən çıxma prosesi haqqında, dəftərxanada görülən işlər barədə ətraflı məlumat verib.

alt menü