Aİİ-də 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı iclas keçirilib

30 Dekabr, 2019

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı növbəti iclas keçirilib. Tədbirdə İnstitut rəhbərliyi, müəllim və əməkdaşlar iştirak ediblər.

Aİİ rektoru Ceyhun Məmmədov çıxış edərək, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil olunması, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisəsində imtahan qərargahının yaradılması, bu qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılması üçün lazımi tədbirlərin görüldüyünü qeyd edib. O bildirib ki, imtahanlarda hər bir tələbənin biliyinin obyektiv qiymətləndirilməsi, koordinatorların işinə maksimum diqqətlə yanaşılması vacib məsələlərdəndir. C.Məmmədov daha sonra vurğulayıb ki, sessiyanın gedişi zamanı yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə Operativ Qərargah yaradılıb.

Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov sualların tərtibi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması məsələlərinə toxunub.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov müəllimlərin tələbələrlə dərsdənkənar məşğələlər keçirməsinin effektivliyi barədə danışıb.

Daha sonra İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov imtahanların gedişatı barədə geniş məlumat verib, koordinatorların diqqət etməsi vacib olan məsələlərə toxunub. Qeyd edib ki, payız semestrinin imtahan sessiyasında 166 nəfərdən çox təhsilalan imtahan verəcək. M.Mürsəlov tələbələrin biliklərini ifadə edə bilmələri üçün maksimum şəraitin yaradılması, hər auditoriyaya müəllim-koordinatorların nəzarət etmələri, imtahan prosesində baş verə biləcək neqativ halların qarşısının alınması məqsədi ilə bir sıra qərarların qəbul olunduğunu bildirib.

İclasda İnstitutun 2019-2020-ci tədris ilinin ilk payız semestrinin imtahan sessiyasının yazılı və zəruri hallarda şifahi olaraq keçirildiyi, imtahanlar arasında 2 gündən az olmayan müddətin təyin edildiyi, imtahana ayrılan vaxtın 2 saat müəyyənləşdirildiyi barədə müəllimlər və koordinatorlar məlumatlandırılıblar. İclas iştirakçıları imtahan prosesində yarana biləcək xoşagəlməz halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun mütəşəkkil təşkil olunması barədə məlumat verilib.

Qeyd edək ki, Aİİ-də imtahan prosesi zamanı ictimaiyyət nümayəndələri, QHT rəhbərləri və tələbələrin valideynlərinin iştirakı ilə “açıq qapı” günlərinin təşkil olunması nəzərdə tutulub.

alt menü