“Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

14 Aprel, 2025

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimləri “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində tələbələrin ailələrinə ziyarəti davam etdirirlər.

Layihə çərçivəsində Aİİ-nin dekanı, i.f.d., dos. Elnurə Əzizova, İslamşünaslıq kafedrasının müəllimləri – f.f.d. Faiq Əhmədzadə və t.f.d., dos. Rəşad Mustafa Xətai rayonunun Köhnə Günəşli, Suraxanı rayonunun Bülbülə, Hövsan və Qaraçuxur qəsəbələrində yaşayan birinci tədris ili tələbələrinin bir neçəsinin ailəsini ziyarət ediblər.

Valideynlərə Aİİ-də tələbələr üçün yaradılmış elm və təhsil mühiti, tələbələrin bilik və bacarıqlarının artırılmasına xidmət edən müxtəlif kurslar və həyata keçirilən inkişafetdirici layihələr haqqında məlumat verilib. Tələbələrin birinci tədris ilində əldə etdikləri nailiyyətlər, elmi və yaradıcılıq potensialı çərçivəsində onların gələcək perspektivləri haqqında valideynlərlə fikir mübadiləsi aparılıb.

Valideynlər Aİİ rektoru, i.f.d., dos. Aqil Şirinov başda olmaqla, rəhbər və müəllim kollektivinin tələbələrə qayğısını yüksək qiymətləndiriblər. Onlar övladlarının gələcəkdə cəmiyyətə dini-mənəvi sahədə layiqincə xidmət edən peşəkar kadrlar kimi hazırlanması prosesində əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, “Qonağınız müəllimlərinizdir” layihəsinin məqsədi tələbələrin akademik göstəricilərinin yüksəldilməsi, dövrün tələblərinə cavab verən dinşünas və islamşünas kadrların hazırlanması üçün ailə və təhsil qurumunun münasibətlərinin inkişaf etdirilməsi, imkanlarının dəyərləndirilməsidir.

alt menü