“Qonağınız müəllimlərinizdir” layihəsi çərcivəzində ziyarətlər davam edir

23 Aprel, 2025

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimləri “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində tələbələrin ailələrinə ziyarəti davam etdirirlər.

Layihə çərçivəsində Aİİ-nin dekanı, i.f.d., dos. Elnurə Əzizova, İslamşünaslıq kafedrasının müəllimi, f.f.d. Faiq Əhmədzadə və Dillər və ictimai fənlər kafedrasının müəllimi, f.f.d. Əmir Kahayev Sabunçu və Xəzər rayonlarının Bakıxanov, Zabrat, Buzovna və Binə qəsəbələrində yaşayan birinci tədris ili tələbələrindən bəzilərinin ailələrini ziyarət ediblər.

Valideynlərə Aİİ-də tələbələr üçün yaradılmış elm və təhsil mühiti, təhsilalanların bilik və bacarıqlarının artırılmasına xidmət edən müxtəlif kurslar və həyata keçirilən inkişafetdirici layihələr haqqında məlumat verilib. Tələbələrin birinci tədris ilində əldə etdikləri nailiyyətlər, elm və yaradıcılıq potensialı çərçivəsində təhsilalanların gələcək perspektivləri haqqında valideynlərlə fikir mübadiləsi aparılıb.

Valideynlər, Aİİ rəhbərliyinin və kollektivinin tələbələrə qayğısını yüksək qiymətləndiriblər. Onlar övladlarının gələcəkdə cəmiyyətə dini-mənəvi sahədə layiqincə xidmət edən peşəkar kadrlar kimi hazırlanması prosesində əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, “Qonağınız müəllimlərinizdir” layihəsinin məqsədi tələbələrin akademik göstəricilərinin yüksəldilməsi, dövrün tələblərinə cavab verən dinşünas və islamşünas kadrların hazırlanması üçün ailə və təhsil qurumunun münasibətlərinin inkişaf etdirilməsi, imkanlarının dəyərləndirilməsidir.

alt menü