Məqtəllər nümunəsində Kərbəla faciəsinin Azərbaycan ədəbiyyatında təzahürləri” mövzusunda onlayn vebinar keçirilib

30 Avqust, 2021

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri “Məqtəllər nümunəsində Kərbəla faciəsinin Azərbaycan ədəbiyyatında təzahürləri” mövzusunda onlayn vebinarda iştirak ediblər.

Microssoft Teams platforması üzərindən keçirilən vebinarda Aİİ-nin rektoru, dosent Aqil Şirinov Kərbəla faciəsindən götürüləcək ibrətlərə diqqət çəkib. Həzrət Hüseyn və silahdaşlarının haqq uğrunda, inandıqları amal uğrunda necə fədakarlıq göstərdiklərini vurğulayıb. O, 44 günlük Vətən müharibəsində qanları bahasına torpaqlarımızı düşmən tapdağından azad edərək canlarından keçən şəhidlərimizin də eyni amal uğrunda vuruşduğunu, haqqın və ədalətin bərqərar olduğunu qeyd edib. Aİİ rektoru Kərbəla hadisəsinin müxtəlif ədəbi janrlarda əksini tapmasına diqqət çəkərək, qeyd edib ki, belə nümunələr bu hadisənin tarixin quruluğundan qurtararaq duyğulara xitab edəcək şəkildə insanlara çatdırıb.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov Kərbəla hadisəsinə elmi, dini və ədəbi baxımdan fərqli yanaşıldığını qeyd edib. M.Mürsəlov hadisənin tarixi tərəflərini qeyd edərək, necə baş verdiyini bildirib. Kərbəlada baş verənləri “haqq-batil” mübarizəsinin parlaq təzahürü adlandıran M.Mürsəlov Həzrət Hüseyn və silahdaşlarının Kərbəla hadisəsi ilə ədaləti bərqərar etdiyini vurğulayıb. M.Mürsəlov Kərbəla hadisəsi zamanı, eyni zamanda 44 günlük Vətən müharibəsində şəhid olanları rəhmətlə andıqlarını, əziz xatirələrini yad etiklərini bildirib.

Daha sonra Aİİ-nin İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova “Məqtəllər nümunəsində Kərbəla faciəsinin Azərbaycan ədəbiyyatında təzahürləri” mövzusunda çıxış edib.
E.Əzizova çıxışında türksoylu xalqların təsəvvüf mirasının ortaq tarixi-ədəbi növü olan məqtəli-Hüseynlərin inkişaf prosesini və Əhli-Beyt timsalında bu nümunələrin didaktik xüsusiyyətlərini təhlil edib.

Məruzəçi bu təhlillər əsasında türkdilli məqtəllərin ərəbcə və farsca olan nümunələri arasında qarşılıqlı müqayisə aparıb. Məqtəllərin, sadəcə, Kərbəla hadisəsi haqqında tarixi məlumat verən mənbə olmadığını bildirərək, əsrlərboyu irfani mühitdə dövri olaraq oxunan bu əsərlərin həm də müsəlman cəmiyyətinə ideal insan amilləri aşılayan didaktik xüsusiyyətlər daşıdığını vurğulayıb.

E.Əzizova Kərbəla şəhidi Həzrət Hüseyn başda olmaqla, Əhli-Beytin digər üzvlərinin, o cümlədən, qadın təmsilçilərinin nümunəsində məqtəllərin türksoylu xalqların kamil insan tipi formalaşdırmasında mühüm rol oynadığını bildirib.

alt menü