İlahiyyat İnstitutunun nümayəndə heyəti Özbəkistanda beyəlxalq konfransda iştirak edib
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov və Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov “Qəlb diplomatiyası: sülh quruculuğunda mədəniyyətlərarası dialoq və təhsilin gücü” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak ediblər.
Özbəkistan Respublikasının Səmərqənd şəhərində təşkil olunmuş konfransda dünyanın müxtəlif ölkələrindən təşrif buyurmuş ekspertlər, mövzu üzrə mütəxəssislər iştirak ediblər.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənovun moderatorluğu ilə baş tutan “Din sülh quruculuğunun əsası kimi: potensial və problemlərin həlli yolları” başlıqlı panel iclasında Aİİ rektoru Aqil Şirinov “Müxtəlif dinlər arasında qarşılıqlı anlaşmanın təşviqində dini təhsil müəssisələrinin rolu” mövzusunda çıxış edib.
Aİİ rektoru Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, müxtəlif dinlərin nümayəndələrinin sülh və harmoniya şəraitində birgə yaşadıqları ölkəmizdə yeganə ali dini təhsil müəssisəsi olan Azərbaycan İlahiyyat İnstitutunda da ümumbəşəri dəyərlər nəzərə alınaraq tədris həyata keçirilir. Bildirib ki, İnstitutda tədris zamanı İslam dini ilə yanaşı, Yəhudilik, Xristianlıq, hind–Çin arealında yaranmış dinlər, ümumilikdə, bütün böyük inanc sistemləri tədris olunur. Rektor vurğulayıb: “Dinin müxtəlif məktəblərinin olması təbiidir. Təbii olmayan isə həmin məzhəbləri din yerinə qoyub mütləqləşdirmək və insanları bölən vasitəyə çevirməkdir. İnstitutumuzda dinləri də, məzhəbləri də tarixi baxımdan təsviri surətdə öyrədirik”.
Konfransda Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov “Bölünmüş dünyada sülh körpülərini bərpa etmək üçün fəlsəfə və dinin rolu” mövzusunda çıxış edib. A.Qafarov məruzəsində problemin müasir dövrdə aktuallığı, dünyada siyasi, sosial, iqtisadi və dini sahələrdəki qütübləşmənin səbəbləri haqqında danışıb. Bu sahələrdəki problemləri həll etmək üçün fəlsəfə və dinin əhəmiyyətindən bəhs edib.
Qeyd edək ki, “Sülhün qorunmasında mədəniyyətlərarası dialoqun və təhsilin rolu” mövzusunda təşkil olunmuş beynəlxalq elmi konfransın keçirilməsində məqsəd mədəniyyətlərarası anlaşmanı təşviq etmək, fərqli mədəniyyətlərin və dinlərin nümayəndələri arasında dialoq üçün platforma yaratmaq, mədəniyyətlərarası dialoqun və sülhün təşviqində təhsilin həlledici rolunu önə çəkməkdir.
Beynəlxalq konfrans Azərbaycan İlahyyat İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Baskerville İnstitutu, ABŞ-nin Stirlinq Fondu, Dini Diplomatiya Fondu, Beynəlxalq Hüquq və Din Araşdırmaları Mərkəzi, Heravi Sülh İnstitutu, əl-Farabi Qazax Milli Universiteti, Mərkəzi Asiya Qafqaz İnstitutu, Ərəb Tədqiqat və Siyasət Araşdırmaları Mərkəzi, Səmərqənd Vilayət Hökuməti və Özbəkistan Gəncləri Dünya Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.