İlahiyyat İnstitutunun maarifləndirmə tədbiri Mingəçevirdə baş tutub

03 İyun, 2024

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) öz fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyəti məlumatlandırmaq, 2024–2025-ci tədris ili üzrə müəssisəyə yüksəkintellektli və savadlı gəncləri cəlb etmək məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir.

Bu istiqamətdə İnstitutun növbəti səfəri Mingəçevir şəhərinə olub. Mingəçevir Şəhər İcra Hakimiyyəti və Aİİ-nin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə abituriyentlər, orta məktəb müəllimləri, aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev ölkəmizdə milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğıdan bəhs edib. Bildirib ki, Azərbaycanda bütün dinlərin nümayəndələri tolerant mühitdə sərbəst və dinc şəraitdə birgə yaşayırlar. N.Əfəndiyev ölkəmizdə din xadimlərinə, ibadət yerlərinə dövlət başçımız cənab İlham Əliyevin yüksək diqqət və qayğısını diqqətə çatdırıb.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkür edib. Prorektor İnstitutda şəffaf müəllim–tələbə münasibətlərinin hökm sürdüyünü, yüksəkixtisaslı kadrların hazırlanması üçün ali təhsil müəssisəsində hər bir şəraitin olduğunu diqqətə çatdırıb. O, İnstitutun məqsəd və hədəfləri, ali təhsil müəssisəsində mövcud ixtisaslar, tədris olunan fənlər barədə ətraflı məlumat verib. Bildirib ki, ali təhsil müəssisəsində təhsil göstəricilərinə görə fərqlənən tələbələr mübadilə proqramları ilə xaricdə təhsil ala bilirlər.

Aİİ Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov Azərbaycanın multikulturalizm və tolerantlıq istiqamətində nümunəvi ölkə olduğunu qeyd edib. O, Aİİ-də tədris prosesi zamanı ölkəmizdə mövcud olan tolerant mühit nəzərə alınmaqla bütün dinlər haqqında məlumat verildiyini qeyd edib. Bildirib ki, İnstitut kollektivi gənclərin zəngindünyagörüşlü, dərin dini və dünyəvi biliklərə yiyələnən bacarıqlı kadrlar kimi yetişmələri istiqamətində səylə çalışır.

Ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov Aİİ-yə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. İnstituta qəbul olmuş hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan yararlanacağını bildirib. E.Orucov xarici dillərə yiyələnmək imkanları, təqaüd proqramları, xaricdə təhsil, tələbələrin sosial həyatı, Yay və Qış məktəbləri haqqında ətraflı bəhs edib.

alt menü