İlahiyyat İnstitutunun heyəti beynəlxalq simpoziumda iştirak edib
Türkiyənin Konya şəhərində Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Nəcməddin Ərbakan Universiteti, Dəyanət İşləri Başkanlığı Konya İl Müftülüyü, Konya İlahiyyat Fakültəsi Vəqfinin təşkilatçılığı ilə “İnsanların təkamül yolu və din” (İnsanlığın değişim serüveni ve din) mövzusunda beynəlxalq simpozium keçirilib.
Simpoziumun açılış mərasimində çıxış edən Aİİ rektoru, dosent Aqil Şirinov konfransın işinə uğurlar arzulayıb.
İnstitut rəhbəri bildirib ki, İslam mədəniyyəti inkişafa, yeniliyə qapalı bir mədəniyyət deyildir. Hicrətin ilk əsrlərində müsəlmanların əvvəlki mədəniyyətlərin nailiyyətlərindən bəhrələnərək, böyük bir mədəniyyət qurmaları bunun bariz nümunəsidir.
Aqil Şirinov daha sonra qeyd edib ki, son bir neçə əsrdə İslam dünyası bəşəriyyətin elmi inkişaf prosesinə əvvəlki zamanlarda olduğu qədər töhfə verə bilməyib və bu, narahatedici hadisədir. Rektor vurğulayıb ki, simpoziumun proqramı olduqca zəngindir və insanlığın təkamül yolu ilə din arasındakı əlaqələrə dair çox sayda məruzələri ehtiva edir.
Simpoziumda Aİİ yanında fəaliyyət göstərən Bakı İlahiyyat Kollecinin direktoru, i.f.d. Mehman İsmayılov “İslam məbədi və müsəlman məbəd mədəniyyəti: ənənədən virtual aləmə” (“Gelenekten Metaverse’e İslam Mabedi ve Müslümanın Mabed Kültürü”); İlahiyyat fakültəsinin tədris işləri üzrə dekan müavini, f.f.d. Kövsər Tağıyev “Elmin inkişafının Quranın təfsirinə təsiri” (“Bilimsel Gelişmelerin Kur'ân Yorumuna Etkisi”); İlahiyyat fakültəsinin təlim-tərbiyyə işləri üzrə dekan müavini Asəf Qənbərov “Müasir ictimai sferada din: Post-Sekulyar həll yolu haqqında dəyərləndirmə”(“ Modern Kamusal Alanda Din: Post-Seküler Çözüm Üzerine Bir Değerlendirme”), Aİİ rektorunun köməkçisi, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun dissertantı Emin Orucov “Hacı Bektaş Vəlinin düşüncə sistemində təhsil və din”(“ Hacı Bektaş Veli Düşünce Sisteminde Eğitim ve Din”); Aİİ Dinşünaslıq kafedrasının müəllimi, f.f.d. İradə Tağıyeva “Xeyriyyə təşkilatlarının rolu: XX əsrin əvvəllərində Azərbaycan milli təhsil strukturunun əsas elementləri” (“Hayır Kuruluşlarının Rolü: XX. Yüzyılın Başlarında Azerbaycan'ın Millî Eğitim Yapısındaki Temel Unsurlar”) mövzularında onlayn formatda çıxış ediblər.