İlahiyyat İnstitutunda orqan donorluğu mövzusunda tədbir təşkil olunub

23 May, 2025

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Aİİ İlahiyyat fakültəsinin dekan müavini, dos. Asəf Qənbərov mövzunun aktuallığına diqqət çəkib, həmçinin ölkəmizdə orqan donorluğu haqqında cəmiyyətin maarifləndirilməsinin əhəmiyyətindən bəhs edib.

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova Azərbaycanda orqan transplantasiyasının tarixi, mərkəzin yaradılması, məqsədi, fəaliyyəti, ölkədə orqan donorluğunun mövcud vəziyyəti, bu sahədə qarşıya qoyulan hədəflər barədə məlumat verib.

Y.Abbasova vurğulayıb ki, yalnız reanimasiya şöbəsində beyin ölümü diaqnozu qoyulmuş şəxslərin orqanları transplantasiya üçün yararlı sayılır. Mərkəz sədri daha sonra bildirib ki, beynin bioloji ölümünün qəbul olunması 2018-ci ildən etibarən ölkəmizdə qanunvericiliklə təsdiqlənib.

Yeganə Abbasova orqan donorluğu ilə bağlı dünyada mövcud olan iki əsas sistem haqqında da məlumat verib.

Mərkəz sədri nəzərə çatdırıb ki, hazırda transplantasiya əməliyyatları qanunvericiliyə uyğun şəkildə və dövlət hesabına həyata keçirilir. O, orqan transplantasiyası ilə bağlı hüquqi bazadan da bəhs edib, həmçinin ölkədə aparılan transplantasiya əməliyyatlarının statistik göstəricilərini diqqətə çatdırıb.

Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin həkim-koordinatoru Mehriban Əliyeva “Mən niyə donor olmaq istəyirəm?” mövzusunda çıxış edib.

M.Əliyeva Azərbaycanda və digər ölkələrdə transplantasiya sahəsində mövcud təcrübələri müqayisəli şəkildə təqdim edib. O bildirib ki, xarici ölkələrdə, əsasən, meyit donor orqanlarından istifadə olunduğu halda, Azərbaycanda orqan təminatı əksər hallarda canlı donorlar hesabına həyata keçirilir.

Məruzəçi qeyd edib ki, belə fərqin yaranması meyit donorluğu ilə bağlı cəmiyyətin məlumatlılıq səviyyəsinin yetərincə olmamasından qaynaqlanır.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb. Orqan donorluğuna dəstək olmaq istəyən tələbələr ölümlərindən sonra donor olmaq haqqında AR Səhiyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiq olunmuş razılıq ərizə formalarını imzalayıblar.

Sonda tələbələrə xüsusi hədiyyələr təqdim olunub.

alt menü