“Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək

09 Avqust, 2024

Ölkəmizdə dini təhsil sahəsində mövcud vəziyyətin müzakirəsi, qarşıya çıxan problemlərin təhlili, onların həlli ilə bağlı təkliflərin irəli sürülməsinin təmin edilməsi, bu sahədə fəaliyyət göstərən alim və mütəxəssislər arasında tədqiqat işləri, məlumat və təcrübə mübadiləsi üçün platforma yaradılması məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə 16 oktyabr 2024-cü ildə “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək.

Konfransın mövzuları:

1. “Dünyəvi dövlətdə dini təhsil: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi”
2. “Azərbaycanda dini təhsil: tarix, ənənə və müasirlik”
3. “Multikultural və tolerant mühitin formalaşmasında dini təhsilin rolu”
4. “Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsində dini təhsilin əhəmiyyəti”
5. “Heydər Əliyev və Azərbaycanda dini təhsil”
6. “Dini tərbiyə, dini təhsil və din tədrisi: oxşar və fərqli cəhətlər”
7. “Prezident İlham Əliyev və Azərbaycanda dini təhsil modeli”
8. “Dinlərarası dialoq baxımından dini təhsilin əhəmiyyəti”
9. “İslam coğrafiyasında dini təhsil: ənənə və müasir çağırışlar”
10. “Dünya təcrübəsində müxtəlif din təhsili modelləri”
11. “Dini savadsızlığın doğurduğu fəsadlar (dini fanatizm, xurafat, radikalizm, ekstremizm) və onlarla mübarizə üsulları”
12. “Orta təhsil müəssisələrində dini biliklərin aşılanmasında tədris olunan fənlərin əhəmiyyəti: dünya və Azərbaycan təcrübəsi”
13. “Dini ədəbiyyatların Azərbaycan dilinə tərcüməsi problemi”


Məqalələrin qəbul qaydaları:

1. Məqalə əvvəllər hər hansı bir mənbədə dərc olunmamış və dəyərləndirmədə olmayan yeni tədqiqatlar olmalıdır.
2. Məqalənin mətni “A4” formatında, 12 ölçülü hərflərlə, “Arial” şriftlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafədə, 1 intervalla, 1 nüsxədə olmalıdır.
3. Məqalənin ümumi həcmi 3000-5000 sözdən ibarət olmalıdır.
4. Təqdim olunan araşdırmanın əvvəlində məqalənin adından sonra müəllifin adı, elmi dərəcəsi və ya elmi adı, işlədiyi (təmsil etdiyi) müəssisə, vəzifəsi, şəhər və ölkə, elektron poçt ünvanı və ORCID-kod göstərilməlidir.
5. Daha sonra məqalə yazılan dildə xülasə yer almalı və açar sözlər qeyd edilməlidir. Xülasələrin həcminin 200-250, açar sözlərin isə 5-8 sözdən ibarət olması tələb edilir. Açar sözlər ümumidən xüsusiyə doğru sıralanmalıdır.
6. Xülasə və açar sözlər, ən azı 3 (üç) dildə (məqalənin yazıldığı dil, rus və ingilis dilində) verilməlidir. Hər bir xülasədə məqalənin və müəllifin adı, elmi dərəcəsi və ya elmi adı, işlədiyi (təmsil etdiyi) müəssisə, vəzifəsi, şəhər və ölkə, elektron poçt ünvanı və ORCID-kod tam göstərilməlidir. Məqalənin yazıldığı dildə, həmçinin digər dillərdə olan xülasə və açar sözlər girişdən əvvəl yerləşdirilməlidir. Məqalənin müxtəlif dillərdəki xülasələri bir-birinin eyni olmalı və yazının məzmununa uyğun gəlməlidir. Müəllifin gəldiyi elmi nəticə, işin yeniliyi, əhəmiyyəti və s. xülasədə yığcam şəkildə qeyd olunmalıdır.
7. Elmi araşdırmaların yazılma üsullarına uyğun olaraq, daha sonra giriş, ən azı 2 (iki) yarımbaşlıq, nəticə və ədəbiyyat siyahısı olmalıdır.
8. Mövzu ilə bağlı elmi mənbələrə istinadlar vacibdir. Məqalədə istinadlar göstərildiyi yerdən sonra mötərizə içərisində müəllifin soyadı, nəşr ili və səhifənin nömrəsi ardıcıl verilməlidir. Nümunə: (Bünyadov, 2007, 17-21).
9. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat bu formatda yerləşdirilməlidir: Müəllif (soyadı, inisialları). Nəşr ili. Əsərin adı. Şəhər: nəşriyyatın adı. (Həcmi). Nümunə: İsmayılov, G. (2014). Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz. Bakı: Nurlar NPM. (240 s.).
10. Mövzu ilə bağlı son 10 ilin də elmi mənbələrinə istinadlar vacibdir.
11. Məqalələr aşağıdakı elektron poçt ünvanına göndərilməlidir: [email protected]
Məqalələrin təqdim olunması üçün son tarix: 20.09.2024

Əlaqələndirici şəxslər:
Şahin Ələsgərov (012) 436 77 66 (dax.: 406)
Elnarə Ağaoğlu (012) 436 77 66 (dax.: 402)

alt menü