İlahiyyat İnstitutunda I tədris ili tələbələrinin valideynləri ilə görüş

05 Mart, 2024

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) İlahiyyat fakültəsi I kurs tələbələrinin tədris prosesinə adaptasiyası ilə əlaqədar olaraq onların valideynləri ilə görüş təşkil olunub.

İlahiyyat fakültəsinin dekanı, i.f.d., dos. Elnurə Əzizova valideynlərə Aİİ-də tələbələr üçün yaradılmış tədris mühiti, ən yüksək akademik göstəriciləri olan təhsilalanlara təyin olunmuş adlı təqaüdlər haqqında məlumat verib.

E.Əzizova İnstitut rəhbərliyi başda olmaqla, müəllim və işçi kollektivinin tələbələrin inkişafı üçün hazırladıqları müxtəlif layihələr haqqında valideynləri məlumatlandırıb. Valideynlərə övladlarının ali təhsil müəssisəndə təhsil aldıqları bir semestr ərzində əldə etdikləri akademik nailiyyətlər, onların potensialı və bacarıqları haqqında məlumat verib.

Valideynlər, öz növbələrində, övladlarının daha uğurlu nəticələr əldə etmələri üçün Aİİ ilə yaxından əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər. Onlar şəffaf, akademik, tələbəyönümlü və inkişafetdirici təhsil mühiti yaratdığına görə, rektor, i.f.d., dos. Aqil Şirinov başda olmaqla, İnstitut kollektivinə öz təşəkkürlərini bildiriblər.

alt menü