İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

06 Mart, 2024

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimləri “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində tələbələrin ailələrinə ziyarəti davam etdirir.

Layihə çərçivəsində Aİİ-nin dekanı – i.f.d., dos. Elnurə Əzizova, İslamşünaslıq kafedrasının müəllimləri – f.f.d. Vüqar Səmədov və f.f.d. Faiq Əhmədzadə Bakının Binə və Qala qəsəbələrində yaşayan I tədris ili tələbələrindən bir neçəsinin ailəsini ziyarət ediblər.

Valideynlərə Aİİ-də yaradılmış tələbəyönümlü təhsil mühiti haqqında ətraflı məlumat verilib, təhsil alan gənclərin bilik və bacarıqlarının artırılması istiqamətində İnstitutda təşkil olunan müxtəlif kurslar, həyata keçirilən inkişafetdirici layihələr barəsində danışılıb. Tələbələrin I tədris ili müddətində əldə etdikləri nailiyyətlər, elmi və yaradıcılıq potensialı çərçivəsində onların gələcək perspektivləri haqqında valideynlərlə fikir mübadiləsi aparılıb.

Valideynlər Aİİ rektoru, i.f.d., dos. Aqil Şirinov başda olmaqla, rəhbər heyətin və müəllim kollektivinin tələbələrə qayğısını yüksək dəyərləndirdiklərini, həmçinin övladlarının gələcəkdə ilahiyyat sahəsində cəmiyyətə dini-mənəvi sahədə layiqincə xidmət edən peşəkar kadr kimi hazırlanması prosesində əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, “Qonağınız müəllimlərinizdir” layihəsinin məqsədi tələbələrin akademik göstəricilərinin yüksəldilməsi, dövrün tələblərinə cavab verən dinşünas və islamşünas kadrların hazırlanması üçün ailə və təhsil qurumunun münasibətlərinin inkişaf etdirilməsi, imkanlarının dəyərləndirilməsidir.

alt menü