İlahiyyat İnstitutunun rəhbərliyi Şirvanda din xadimləri ilə görüşüb

19 Aprel, 2024

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə abituriyentləri maarifləndirmə tədbirləri çərçivəsində din xadimləri ilə görüş keçirilib.

Şirvan şəhər məscidində təşkil edilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Şirvan şəhəri üzrə səlahiyyətli nümayəndəsi və din xadimləri iştirak ediblər.

Şirvan Şəhər İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini, dini qurumlarla işin təşkilatçısı Rafael Nəsirov ölkəmizdə dövlət–din münasibətlərindən bəhs edib, ölkə rəhbərliyi tərəfindən din xadimlərinə göstərilən xüsusi qayğını diqqətə çatdırıb.

Aİİ rektoru, dosent Aqil Şirinov İnstitut haqqında geniş məlumat verib, müəssisədə təhsilin tamamilə ödənişsiz olduğunu vurğulayıb. Rektor bildirib ki, cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncamda da qeyd edildiyi kimi, İnstitutun yaradılmasında əsas məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub-saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.

Rektor bildirib ki, din sahəsində mütəxəssis yetişdirərkən bir məqama xüsusi diqqət yetirilməlidir – cəmiyyətə təkcə savadlı din mütəxəssisləri və xadimləri deyil, eyni zamanda, Azərbaycanın milli dəyərlərini və ictimai strukturunu mükəmməl mənimsəmiş kadrlar lazımdır.

QMİ-nin Şirvan şəhəri üzrə səlahiyyətli nümayəndəsi, Şirvan şəhər axundu Hacı Əvəz Mehrəliyev Azərbaycan müstəqillik qazandıqdan sonra, dövlət–din münasibətlərində baş verən əsaslı dönüşdən, dini ibadət ocaqlarına qayğıdan söhbət açıb.

Sonda din xadimlərinin sualları cavablandırılıb.

alt menü