“Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində Qəbələ və Ağdaş rayonlarında

26 Aprel, 2024

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində tələbələrin ailələrinə ziyarət davam edir.

Aİİ İlahiyyat fakültəsinin dekanı, i.f.d., dos. Elnurə Əzizova, İslamşünaslıq kafedrasının müəllimləri – f.f.d. Faiq Əhmədzadə, f.f.d. Qafqaz Abdurahmanov Qəbələ və Ağdaş rayonlarında yaşayan I və II tədris ili tələbələrindən bəzilərinin ailələrini ziyarət ediblər.

Layihənin məqsədinə uyğun olaraq valideynlərə Aİİ-də yaradılmış tələbəyönümlü təhsil mühiti haqqında ətraflı məlumat verilib, tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində İnstitutda təşkil olunan müxtəlif kurslar, həyata keçirilən inkişafetdirici layihələr barəsində danışılıb. Tələbələrin əldə etdikləri nailiyyətlər, elmi və yaradıcılıq potensialı çərçivəsində onların gələcək perspektivi haqqında valideynlərlə fikir mübadiləsi aparılıb.

Aİİ-nin rektoru, dosent Aqil Şirinov başda olmaqla, rəhbər və müəllim kollektivinin tələbələrə qayğısını yüksək dəyərləndirən valideynlər övladlarının gələcəkdə dini-mənəvi sahədə cəmiyyətə layiqincə xidmət edən peşəkar kadrlar kimi hazırlanması prosesində əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, “Qonağınız müəllimlərinizdir” layihəsinin məqsədi tələbələrin akademik göstəricilərinin yüksəldilməsi, dövrün tələblərinə cavab verən dinşünas və islamşünas kadrların hazırlanması üçün ailə və təhsil qurumunun münasibətlərinin inkişaf etdirilməsi, imkanlarının dəyərləndirilməsidir.

alt menü