“Gənclərin zərərli vərdişlərdən qorunması” mövzusunda seminar təşkil olunub

23 Aprel, 2024

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Gənclərin zərərli vərdişlərdən qorunması” mövzusunda seminar təşkil olunub.

Aİİ rektoru, dosent Aqil Şirinov seminarda zərərli vərdişlərə qarşı ölkəmizdə kəskin mübarizə və geniş maarifləndirmə işlərinin aparıldığını bildirib, dövlət qurumları ilə yanaşı, ictimaiyyətin də bu sahədə fəal olmasının vacibliyini vurğulayıb.

İnstitutda gənclər arasında müxtəlif zərərli vərdişlərin yayılması əleyhinə bir sıra tədbirlərin təşkil olunduğunu diqqətə çatdıran rektor bildirib ki, sağlam həyat tərzinin təbliği, gənclərin zərərli adətlərdən uzaqlaşdırılması vacibdir.
Aİİ İslamşünaslıq kafedrasının müəllimi, “Zərərli Vərdişlərə Qarşı” İctimai Birliyinin sədri Zaur Orucov əsas məruzə ilə çıxış edib. Məruzəçi zərərli vərdişlərin hər bir cəmiyyət üçün dərin sosial problem yaratdığını, onun təhlükəli olduğunu və qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinin əhəmiyyətini vurğulayıb. A.Şirinov zərərli vərdişlərlə mübarizədə milli və dini dəyərlərin rolundan da bəhs edib.

Z. Orucov Ümumdünya Səhiyyə Təşkilatının zərərli vərdişlərlə bağlı statistik rəqəmlərini diqqətə çatdırıb, tütün məhsulları, alkoqollu içkilər, narkotik maddələr kimi zərərli vərdişlərin və aludəçiliyin ağır fəsadlarının insan orqanizminə və psixologiyasına mənfi təsirləri haqqında danışıb.

Tədbir iştirakçıları Aİİ-də təşkil edilmiş zərərli vərdişlər karikatura sərgisi ilə tanış olublar. Sərgidə zərərli vərdişlərin müxtəlif növləri və fəsadlarına həsr olunmuş 30-dan artıq əsər nümayiş etdirilib.

alt menü