İndoneziyadan olan nümayəndə heyəti İlahiyyat İnstitutunda olub

09 İyun, 2023

İndoneziyanın “Nahdlatul Ulama” qeyri-hökumət təşkilatının nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) qonağı olub.

Görüşdə “Nahdlatul Ulama” qeyri-hökumət təşkilatı İdarə heyətinin üzvləri, Aİİ rektoru Aqil Şirinov, Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) icraçı direktoru Mehman İsmayılov iştirak ediblər.

Aİİ rektoru Aqil Şirinov qonaqlara ali təhsil müəssisinin yaranması və fəaliyyəti haqqında geniş məlumat verib. İnstitutun bakalavriat, magistratura və doktorantura pillələri üzrə təhsil həyata keçirdiyini bildirən rektor qeyd edib ki, burada təhsil tamamilə ödənişsizdir.

Ali təhsil müəssisəsinin rektoru Aİİ haqqında bəhs edərkən vurğulayıb ki, tədris zamanı bütün dinlər haqqında tələbələrə geniş məlumatlar verilir. Rektor İnstitut müəllimlərinin öz sahələrinin peşəkar mütəxəssisləri olduqlarını nəzərə çatdırıb.

A.Şirinov ölkəmizdə mövcud olan multikultural mühitin tanıdılmasında görülən işlər barədə danışarkən, burada yaşayan bütün dinlərin nümayəndələri ilə sıx əməkdaşlıq şəraitində çalışıldığını diqqətə çatdırıb.

Təşkilatın idarə heyətinin sədr müavini Zulfa Mustofa təmsil etdiyi qurum haqqında məlumat verərək onun 100 milyona yaxın üzvünün olduğunu, dünyanın ən böyük İslam təşkilatı hesab edildiyini bildirib.
Daha sonra “Nahdlatul Ulama” qeyri-hökumət təşkilatının idarə heyətinin üzvü dr. H. Moh. Soleh “dəyirmi masa”da İndoneziyada mövcud multikultural mühit haqqında məlumat verib.

Görüş müzakirələrlə davam edib.

Sonda qonaqlara hədiyyələr təqdim edilib.

alt menü