Türkiyəli alimin elmi seminarları dinlənilib

09 Aprel, 2024

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və “İdrak” İctimai Birliyinin birgə təşkilatçılığı ilə tələbələr üçün təşkil olunan silsilə seminarlar yekunlaşıb.

Aİİ-də keçirilən seminarlarda Mərmərə Universiteti Yaxın Şərq və İslam Ölkələri İnstitutunun müəllimi Ravza Altuntaş Çakır məruzə edib.

Beş gün müddətində davam edən seminarlarda Mərmərə Universiteti Yaxın Şərq və İslam Ölkələri İnstitutunun müəllimi Ravza Altuntaş Çakır “Plüralizm, müxtəliflik və birgəyaşayış zərurəti: müasir problemlərə dair müzakirə”, “Postislamizmə doğru? Qloballaşma və müsəlman siyasəti”, “İslam və müasirlik”, “Dünyəvilik və İslam təsnifatları: İslam filosoflarının sekulyarizasiyaya dair fikirləri”, “İslam ənənəsi və siyasi fəlsəfə” və “Müasir müsəlman düşüncəsində əsas tendensiyalar” mövzularında məruzələr edib.

İnteraktiv şəkildə təşkil olunan seminarlarda İslam siyasi düşüncə tarixinin inkişaf prosesi, müasir dövrdəki vəziyyəti və müxtəlif tendensiyalarla əlaqəli Aİİ tələbələrinin sualları cavablandırılıb.

Sonda məruzəçi Ravza Altuntaş Çakıra Təşəkkürnamə və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, ali təhsil müəssisəsi tələbələrin dünyagörüşlərinin zənginləşdirilməsi, yüksəkixtisaslı kadrlar kimi yetişmələri üçün biliklərinin artırılması məqsədilə müxtəlif mövzularda elmi seminarların təşkilinə önəm verir.

alt menü