İlahiyyat İnstitutunun növbəti səfəri Astara rayonuna olub

14 Aprel, 2023

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyətin məlumatlandırılması, eyni zamanda, 2023-2024-cü tədris ili üzrə ali təhsil müəssisəsinə yüksəkintellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərinə başlanılıb.

İnstitutun növbəti səfəri Astara rayonuna olub.

Tədbirdə abituriyentlər, orta məktəb müəllimləri, aidiyyəti dövlət qurumlarının nüməyəndələri iştirak ediblər.

Tədbirdə giriş nitqi ilə çıxış edən Astara Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev İlahiyyat İnstitutunun yaradılması, fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, ali təhsil müəssisəsi ölkəmizdə dövlət-din münasibətlərinin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər görür.

Lənkəran–Astara regional təhsil sektorunun baş məsləhətçisi Elçin Mirzəzadə çıxışında bildirib ki, ölkəmizdə təhsilalanların hərtərəfli inkişafı, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və keyfiyyətli tədrislə təmin olunmaları üçün lazım olan bütün şərait yaradılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxış edərək, ölkəmizdə dövlət-din münasibətlərinin inkişası istiqamətində Prezident cənab İlham Əliyevin Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının mühüm addımlardan biri olduğunu vurğulayıb. O, tədbir iştirakçılarına İlahiyyat İnstitutunun rəhbərliyi və müəllimləri haqqında məlumat verərək bildirib ki, ali təhsil müəssisəsində çalışan hər bir pedaqoq dünyasəviyyəli alimdir.

İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çıxışında ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb. O qeyd edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə din sahəsində aparılan uğurlu siyasətin nəticəsində hazırda cəmiyyətimizdə tolerant və multikultural mühitdə sabitlik hökm sürür.

Aİİ rəhbəri daha sonra İnstitutun məqsəd və hədəfləri haqqında ətraflı məlumat verib. Ali təhsil müəssisəsində mövcud ixtisaslar, keçirilən fənlər barədə söhbət açıb.

A.Şirinov bildirib ki, ölkəmizdə mövcud sabitliyi pozmaq istəyən yad qüvvələrə qarşı mübarizə üçün sağlam dini düşüncəli, Vətənini, xalqını sevən gənclərimizin yetişməsi vacibdir. A.Şirinov yüksəkixtisaslı mütəxəssis kadrların hazırlanması üçün Azərbaycan İlahiyyat İnstitutunda tam şəraitin yaradıldığını, təhsilin ödənişsiz olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, qəbul olan abituriyentlər nəinki ödənişsiz təhsil alır, hətta pulsuz dərsliklər, yeməkpulu ilə də təmin olunurlar.

Ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov abituriyentlərə İnstituta qəbul qaydaları barədə məlumat verib. Bildirib ki, Aİİ-də magistratura və doktorantura səviyyələri üzrə də qəbul aparılır. E.Orucov xarici dillərə yiyələnmək imkanları; təqaüd proqramları; xaricdə təhsil; tələbələrin sosial həyatı; yay və qış məktəbləri haqqında ətraflı bəhs edib.

Tədbirdə Aİİ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

alt menü