İlahiyyat İnstitutunun heyəti Biləsuvar rayonuna səfər edib

04 Aprel, 2024

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) öz fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyəti məlumatlandırmaq, 2024-2025-ci tədris ili üzrə müəssisəyə yüksəkintellektli və savadlı gəncləri cəlb etmək məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir.
İnstitutun növbəti səfəri Biləsuvar rayonuna olub. Biləsuvar Rayon İcra Hakimiyyəti və Aİİ-nin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə abituriyentlər, orta məktəb müəllimləri, aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov ölkəmizdə mövcud olan multikultural mühit, dövlət–din münasibətlərinin inkişafı istiqamətində atılan məqsədyönlü addımlar barədə ətraflı məlumat verib. İcra başçısı ölkə rəhbərliyi tərəfindən təhsilalanların hərtərəfli inkişafı, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, keyfiyyətli təhsil almaları üçün lazım olan bütün şəraitin yaradıldığını diqqətə çatdırıb.
Aİİ rektoru, dosent Aqil Şirinov ölkəmizdə dövlət–din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu vurğulayıb. Bildirib ki, din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına cəmiyyətimizdə böyük önəm verilir. Bu sahədə ulu öndər Heydər Əliyev tərəfindən yaradılan müdrik siyasi-mənəvi xətt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Rektor vurğulayıb ki, ölkəmiz bütün sahələrdə olduğu kimi, din sahəsində də nümunəvi ölkəyə çevrilib.
İnstitut rəhbəri bildirib ki, ölkəmizdə dinlərarası və məzhəblərarası sabitliyi pozmağa çalışan yad qüvvələr bilməlidirlər ki, xalqımız belə təhdidlərə qarşı hər zaman birlikdə mübarizə aparacaq.
Rektor vurğulayıb ki, İnstitutda qarşılıqlı etimada əsaslanan şəffaf müəllim–tələbə münasibətlərinin hökm sürməsi üçün tələb olunan bütün zəruri addımlar atılır və bundan sonra da bu istiqamətdə mühüm işlər görüləcək. Ali təhsil müəssisəsi tədrisin keyfiyyətinin artırılmasına, müəllimlərin öz fəaliyyətlərinə yaradıcı yanaşmalarına, tələbələrin tədrisə maraqlarının artmasına, təhsilalanların fənlər üzrə bilik və bacarıqlarının inkişafına səylə çalışır.
Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov İnstitutun məqsəd və hədəfləri, ali təhsil müəssisəsində mövcud ixtisaslar, keçirilən fənlər barədə ətraflı məlumat verib. Prorektor yüksəkixtisaslı mütəxəssis kadrların hazırlanması üçün Azərbaycan İlahiyyat İnstitutunda tam şəraitin yaradıldığını, təhsilin tamamilə ödənişsiz olduğunu vurğulayıb. Qeyd edib ki, qəbul olan abituriyentlər nəinki ödənişsiz təhsil alacaq, hətta pulsuz yemək və dərsliklərlə də təmin olunacaqlar. İlahiyyat İnstitutu sağlam dini düşüncəli, Vətənini, xalqını sevən, zəngin dünyagörüşlü gənclərimizin yetişmələri üçün bütün imkanlarını səfərbər edir.
Ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov Aİİ-yə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. İnstituta qəbul olmuş hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan yararlanacağını bildirib. E.Orucov xarici dillərə yiyələnmək imkanları, təqaüd proqramları, xaricdə təhsil, tələbələrin sosial həyatı, Yay və Qış məktəbləri haqqında ətraflı bəhs edib.
Tədbirdə Aİİ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.


alt menü