İlahiyyat İnstitutunda Pakistan Müsəlman İnstitutunun koordinatoru seminarda çıxış edib

13 Mart, 2024

Pakistan Müsəlman İnstitutunun koordinatoru Asif Tanver Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) qonağı olub. O, “Pakistanda sufi mədəniyyəti” mövzusunda seminarda məruzə ilə çıxış edib.
İngilis dilində təşkil edilən seminarda Aİİ-nin magistrantları, doktorantları, dissertantları və əməkdaşları iştirak ediblər.

Aİİ rektoru, dosent Aqil Şirinov qonağı yenidən İnstitutda görməkdən məmnun olduğunu bildirib. Rektor Azərbaycan və Pakistan ölkələri arasında mövcud qardaşlıq münasibətləri barədə söhbət açıb. Hər zaman Azərbaycanın yanında olduğu üçün, xüsusilə 44 günlük Vətən müharibəsi zamanında bizə göstərdikləri mənəvi dəstəyə görə Pakistan xalqına təşəkkür edib.

Rektor daha sonra Azərbaycan İlahiyyat İnstitutu ilə Pakistan Müsəlman İnstitutu arasında mövcud əməkdaşlıq memorandumuna diqqət çəkərək, iki ali təhsil müəssisəsinin birlikdə fəaliyyəti və gələcək perspektivləri barədə bəhs edib.

Pakistan Müsəlman İnstitutunun koordinatoru Asif Tanver “Pakistanda sufi mədəniyyəti” mövzusunda çıxış edib. O, İslam dininin Pakistanda yayılması, həmçinin sufi məktəbləri barədə geniş məlumat verib.
Məruzəçi, həmçinin Pakistanda mövcud dini mühit, qeyri-ənənəvi təriqətlərin yayılması və s. barədə seminar iştirakçılarının suallarını cavablandırıb.

Seminarda ali təhsil müəssisələri arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində keçirilən tədbirləri, Azərbaycan–Pakistan qardaşlığı və Pakistan Müsəlman İnstitutunun Xocalı soyqırımının tanıdılması istiqamətində gördüyü işlər barədə materialları özündə əks etdirən videorolik təqdim edilib.

alt menü