Aİİ-də TGT sədrliyinə seçkilər başa çatıb

05 Noyabr, 2019

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Tələbə Gənclər Təşkilatı (TGT) sədrliyinə seçkilər başa çatıb.

Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova tədbir iştirakçılarını salamlayaraq, TGT sədri seçilən tələbəni təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. F.Yusifova İnstitutda potensiallı tələbələrin çox olduğunu, onların TGT layihələrində, təhsil müəssisəsinin ictimai həyatında fəal iştirak edəcəklərinə əminliyini ifadə edib. Qeyd edib ki, ali təhsil müəssisəsi bir neçə gün öncə gənclərimizin ölkəmizdə həyata keçirilən könüllülük fəaliyyətində aktiv olması, Vətənimizin inkişafı üçün səylə çalışması, yerli və beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil etməsi üçün “Bir” Tələbə-Könüllü layihəsinə qoşulub.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Faiq Məmmədov bildirib ki, Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.

ATGTİ sədri İlahiyyat İnstitutunda şəffaf seçkilərin keçirildiyini, tələbələrin bu prosesdə fəal iştirak etdiyini vurğulayıb. Qeyd edib ki, ölkədə ilk dəfə keçirilən TGT seçkilərində namizədlər öz platformaları ilə çıxış etdikdən sonra, bir gün ərzində tələbələr yaradılmış seçki qərargahında öz namizədlərinə səs veriblər. F.Məmmədov seçkilərdə qalib olan tələbəyə uğurlar arzulayıb.

Aİİ-nin İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov TGT-nin fəaliyyətinin əhəmiyyətindən bəhs edərək, Azərbaycanda gənclərə və təhsilə göstərilən dövlət qayğısından söz açıb. Tələbələrin asudə vaxtının səmərəli təşkili, onların dünyagörüşünün zənginləşdirilməsi, polemika qabiliyyətinin formalaşdırılması üçün ali təhsil müəssisəsinin müxtəlif layihələr həyata keçirdiyini qeyd edən dekan, Aİİ rəhbərliyinin daim tələbələrin təşəbbüslərini dəstəklədiyini qeyd edib.

Qeyd edək ki, TGT sədrliyinə namizədlər Aytac Mustafalı, Həsən İsayev, Nicat Hüseynov və Aysu Əlizadənin platformaları dinlənilib. İlahiyyat fakültəsinin I kurs tələbəsi Nicat Hüseynov Aİİ TGT-nin yeni sədri seçilib.

Məlumat üçün bildirək ki, könüllülük prinsipləri əsasında formalaşdırılan təşkilat gənclərin təhsil müəssisəsinin ictimai həyatında fəallığını artırmaq, hüquqlarını müdafiə etmək, onların maraqlarını, asudə vaxtının səmərəli təşkilini, intellektual inkişafını təmin etmək, habelə qruplar və fakültələr arasında sıx əlaqələr yaratmaq məqsədilə təsis edilir.

alt menü