İlahiyyat İnstitutu beynəlxalq layihələrin həyata keçirilməsi üçün danışıqlar aparır

29 Sentyabr, 2023

Türkiyənin Yozqat Bozok Universitetinin prorektoru professor Güngör Yılmaz və ali təhsil müəssisəsinin TÖMER müdiri dr. Volkan Demirel Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) qonağı olublar.

Aİİ rektoru, dosent Aqil Şirinov qonaqları salamlayaraq, onları İnstitutda görməkdən məmnun olduğunu bildirib. İlahiyyat İnstitutunun fəaliyyəti haqqında məlumat verən rektor ali təhsil müəssisəsinin məqsəd və vəzifələri, hədəfləri haqqında ətraflı bəhs edib. Aİİ-nin beynəlxalq əlaqələrə, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın yaradılmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Türkiyənin Yozqat Bozok Universitetinin prorektoru İlahiyyat İnstitutu ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı və maraqlı olacağını diqqətə çatdırıb. İki ali təhsil müəssisəsi arasında imzalanan Əməkdaşlıq Protokolu əsasında həyata keçirilə biləcək layihələri diqqətə çatdırıb.

Qeyd edək ki, Protokolda hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması; birgə layihələrin reallaşdırılması; professor-müəllim heyəti və təhsilalanlar üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.

alt menü