Azərbaycan İlahiyyat İnstitutunun nümayəndə heyəti Türkiyə universitetləri ilə əməkdaşlıq əlaqələrini müzakirə edib

18 Dekabr, 2019

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov və İlahiyyat fakültəsinin dekan müavini Kövsər Tağıyev Türkiyə universitetlərinin elektron təhsil sistemini öyrənmək üçün sözügedən ölkədə səfərdə olublar.

Türkiyəyə səfər çərçivəsində İstanbulda Marmara, “29 Mayıs” və İstanbul universitetlərinin, Ankarada Ankara Universitetinin, Sivasda Cümhuriyyət Universitetinin, Konyada Səlcuq və Nəcməddin Ərbakan universitetlərinin elektron təhsil sistemi ilə əyani və nəzəri tanışlıq həyata keçirilib.

Görüşlərdə ali təhsil müəssisələri arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması; birgə layihələrin reallaşdırılması; tədris metodu üzrə elmi məlumatların qarşılıqlı ötürülməsi; təcrübə və araşdırma; tədris prosesinin təşkili ilə bağlı təcrübənin bölüşdürülməsi; alim və mütəxəssislərin iştirakı ilə konfransların, “dəyirmi masa”ların keçirilməsi; professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin, həmçinin tələbə mübadiləsi və digər məsələlərin həyata keçirilməsi müzakirə olunub.

Qeyd edək ki, Aİİ öz fəaliyyətində beynəlxalq əlaqələrə, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın yaradılmasına xüsusi önəm verir. Səfərin məqsədi ali təhsilin müasir tələblər səviyyəsinə qaldırılması üçün dünyanın digər qabaqcıl universitetləri ilə yanaşı, Türkiyə ali məktəblərinin təcrübəsindən yararlanmaq, universitetlərarası əlaqələrin genişləndirilməsi, tədrisin elektronlaşdırılması sahəsində qazanılmış nailiyyətlərin mənimsənilməsidir.

alt menü