Anlaşma Memorandumuna əsasən mübadilələr nəzərdə tutulur

12 Oktyabr, 2023

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Malayziya Milli Universiteti (The National University of Malaysia, Malay: Universiti Kebangsaan Malaysia) arasında Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən, hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, birgə layihələrin reallaşdırılması, professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.

Sənəddə tədris metodu üzrə elmi məlumatların qarşılıqlı ötürülməsi; təcrübə və araşdırma; tədris prosesinin təşkili ilə bağlı biliklərin bölüşdürülməsi; universitetlərin alim və mütəxəssislərinin iştirakı ilə konfransların keçirilməsi; tələbə mübadiləsi və digər məsələlər yer alıb.

Xatırladaq ki, Azərbaycanın Malayziyadakı Səfirliyinin və “İdrak” İctimai Birliyinin təşkilatçılığı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşlarından ibarət nümayəndə heyəti 22-26 may 2023-cü il tarixlərində Malayziyada işgüzar səfərdə olublar. Nümayəndə heyəti rəsmi səfər çərçivəsində Malayziya Milli Universitetini ziyarət edib. Görüşdə ali təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi, ikitərəfli əməkdaşlıq çərçivəsində Anlaşma Memorandumunun imzalanması qərara alınıb.

alt menü