Azərbaycan İlahiyyat İnstitutunun prorektoru beynəlxalq konfransda iştirak edib

12 Fevral, 2021

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov “Pandemiya şəraitində insan, iqtisadiyyat, cəmiyyət: regional, qlobal və federal aspektlər” mövzusunda təşkil olunan XV beynəlxalq elmi-praktik konfransda iştirak edib.
Beynəlxalq elmi-praktik konfrans “ZOOM” proqramı üzərindən onlayn formada keçirilib.
Qafqaz Xalqları Dostluğu İnstitutu, Avrasiya Alimlər Klubu və Beynəlxalq Pedaqoji Akademiyanın birgə təşkilatçılığı ilə baş tutan konfransda dünyanın müxtəlif ali təhsil müəssisələri və qurumlarından olan alimlərin məruzələri dinlənilib.
Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov beynəlxalq konfransda “Gənclərin formalaşmasında dinin rolu” mövzusunda məruzə ilə çıxış edib.
M.Mürsəlov çıxışında gənclərin formalaşmasında dinin rolu haqqında ətraflı danışaraq, dindarlaşmanın artdığı bir dövrdə din tədrisinin xüsusi önəmini vurğulayıb. Radikal və ekstremizmdən uzaq bir mühitin qurulmasının və bu istiqamətdə gənclərin maariflənməsinin önəmini diqqətə çatdırıb. Ölkəmizdə din təhsili sahəsində aparılan işləri vurğulayan prorektor Azərbaycan İlahiyyat İnstitutunda tədris və təlim-tərbiyə prosesində məzhəblərüstü prinsiplərin gözlənildiyini bildirib.
Konfrans müxtəlif ölkələrin universitetlərini təmsil edən alimlərin məruzələri ilə öz işini davam etdirib.

alt menü