Azərbaycan İlahiyyat İnstitutu “Heydər Əliyev və dini dəyərlər” mövzusunda videokonfrans keçirib

08 May, 2020

Azərbaycan İlahiyyat İnstitutu müəllim və tələbələrin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və dini dəyərlər” mövzusunda videokonfrans keçirib.

Videokonfransda çıxış edən Aİİ-nin rektoru vəzifəsini müvəqqəti icra edən, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk gündən milli-mənəvi və dini dəyərlərimizin qorunması istiqamətində uzaqgörən addımlar atdığını bildirib. Ölkəmiz müstəqillik qazandığı ilk illərdən tolerantlıq ənənələrinin qorunub saxlanılması və inkişafı, o cümlədən yeni dini ibadətgahların inşası, mövcud olanların əsaslı təmiri və yenidən bərpası istiqamətində çoxsaylı işlər görülüb. O, sovet dövründə tamamilə dağıdılan Bibiheybət məscidinin 1997-ci ildə Ümmummilli lider Heydər Əliyev tərəfindən yenidən bərpa etdirildiyini xüsusilə vurğulayıb. Daha sonra A.Şirinov Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə ölkədə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini dəyərlərin qorunması istiqamətində qətiyyətli addımların atıldığını, radikal dini cərəyanların geniş vüsət almasının qarşısının alındığını bildirib. O qeyd edib ki, Ulu öndər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov çıxışında ölkəmizdə əsrlərdən bəri mövcud olan multikultural dəyərlərin ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə tolerantlıq prinsiplərinin daha da möhkəmləndiyini bildirib. O qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlər yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirib ki, multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasəti, xalqımızın həyat tərzinə çevrilib.

Daha sonra Aİİ tələbələri Azərbaycanda mövcud olan multikultural ənənələr, gənclər arasında milli-mənəvi dəyərlərin təbliği haqqında fikirlərini səsləndiriblər.

alt menü