Aİİ-də millət vəkili Fazil Mustafa ilə görüş keçirilib

01 Mart, 2019

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) millət vəkili Fazil Mustafa ilə görüş təşkil olunub.
Aİİ rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurla davam etdirdiyini vurğulayıb.
Rektor daha sonra bildirib ki, İnstitut tədrisin yüksək səviyyədə təşkili ilə yanaşı, müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsi mməqsədi ilə davamlı tədbirlər və görüşlər təşkil edir.
C.Məmmədov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, elmi və mədəni inkişafı istiqamətində təşkil olunan konfrans, seminar, layihə və proqramlar barədə məlumat verib. O, gənc kadrların intellektual səviyyəsinin artırılmasında daha böyük nəticələrin əldə olunması üçün elm və təhsil əlaqələrinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
İnstitutun müəllim və tələbə heyətinin iştirak etdiyi görüşdə millət vəkili Fazil Mustafa yetişməkdə olan gənc nəslin qarşısında duran prioritet məsələlərdən bəhs edib. Gələcəkdə uğur qazanmağın yollarını keçmişdə baş vermiş hadisələrin düzgün qiymətləndirilməsində və doğru təhlilində gördüyünü bildirən F. Mustafa gənclərə tariximizlə yanaşı, dinimizi də dərindən öyrənməyin vacibliyini tövsiyə edib.
Millət vəkili görüş əsnasında tələbələrin intellektual səviyyəsinin yüksəlməsi üçün müxtəlif dillərdə mütaliənin əhəmiyyətini nəzərə çatdırıb. İnsanın şəxsiyyət kimi formalaşmasında təhsilin əhəmiyyətini vurğulayan F.Mustafa həm fərd, həm də dövlət kimi güclü olmanın tək yolunun keyfiyyətli təhsillə mümkün olduğunu bildirib.
Daha sonra F.Mustafa tələbələrin çoxsaylı suallarını cavablandırıb, görüş iştirakçıları ilə fikir mübadiləsi aparıb.

alt menü