Aİİ-də “Dinimiz – xalqımızın milli-mənəvi sərvətidir” oxu müsabiqəsinin qalibləri mükafatlandırılıb

12 Mart, 2019

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və “Kitabevim.az” Kitab Mağazalar Şəbəkəsinin birgə təşəbbüsü ilə təşkil olunan “Dinimiz – xalqımızın milli-mənəvi sərvətidir” oxu müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Azərbaycan İlahiyyat İnstitutunda 11 mart 2019-cu il tarixdə keçirilən mərasimdə rektor Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, dərin və hərtərəfli biliyə, praktik hazırlığa, yüksək mədəniyyətə, mütərəqqi dünyagörüşünə və güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsi istiqamətində ardıcıl təşkil olunan konfrans, seminar, layihə və proqramların xüsusi rol oynadığını nəzərə çatdırıb.
Rektor qeyd edib ki, İnstitutun əsas məqsədlərindən biri ümumbəşəri dəyərlərə dərindən yiyələnən, ailəsini, Vətənini, millətini sevən, onu daim ucaltmağa çalışan, müstəqil və yaradıcı düşünən, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələn tələbə mərkəzli ali təhsil ocağına çevrilməkdir. O, həmçinin bildirib ki, belə müsabiqələr gənclər arasında mütaliə mədəniyyətini formalaşdırır, kitaba olan sevgi və marağı artırır.
Müsabiqədə birinci yerin qalibi Aynur Qurbanova 463 səslə 50 AZN-lik kupon; ikinci yerin sahibi Qəzənfər Orucov 380 səslə 30 AZN-lik kupon; üçüncü yerin sahibi Gülüstan Şükürlü isə 355 səslə 20 AZN-lik kuponla “Kitabevim.az” Kitab Mağazalar Şəbəkəsinin müvafiq hədiyyələri ilə mükafatlandırılıblar. Müsabiqədə Aytac Əhmədzadə və Aliyə Tağıyeva həvəsləndirici mükafatlara layiq görülüblər.
Məlumat üçün bildiririk ki, “Dinimiz – xalqımızın milli-mənəvi sərvətidir” müsabiqəsi Aİİ-nin rəsmi instagram səhifəsində təşkil olunub. Müsabiqə dini dəyərlərimizin qorunması, mütaliəyə marağın aşılanması, maariflənmə və oxuma mədəniyyətinin təbliği, zənginləşdirilməsi və inkişafını qarşısına məqsəd qoyub.

alt menü