İnstitutunun tələbələrinə “Oruc ibadətinin hikmətləri” mövzusunda vebinar təşkil olunub

22 Май, 2020

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələrinə “Oruc ibadətinin hikmətləri” mövzusunda vebinar təşkil olunub.

Vebinarda İnstitutun İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov və kafedranın müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov çıxış ediblər.

Əhməd Niyazov Ramazan ayı haqqında geniş bəhs edib, tələbələri maraqlandıran suallar haqqında ətraflı məlumat verib. O, ictimai sosial ədalətin yerinə yetirilməsi baxımından, bu ayı insanlar üçün fürsət kimi dəyərləndirib. Vurğulayıb ki, digər ibadətlərdə olduğu kimi, orucun da zahiri və batini tərəfləri mövcuddur. Ə.Niyazov Ramazan ayının təyin edilməsi ilə bağlı hilalın görünməsi, pandemiya dövrünə təsadüf edən bir vaxtda möminlərin hansı hallarda və necə oruc tutmaları, məscidlərdə ibadətə icazə verilmədiyi zaman müsəlmanların ramazanla bağlı ayinlərinin fərdi şəkildə yerinə yetirilməsi qaydaları, orucun fidyəsi, kəffarəsi, qəzası və fitrə zəkatı haqqında məsələləri izah edib.

Daha sonra çıxış edən Vüqar Səmədov İslamdan əvvəl də oruc ibadətinin bütün ilahi dinlərdə mövcud olduğunu bildirib. Ramazanın həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət ayı olduğunu diqqətə çatdıran V.Səmədov bu ayın insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını qeyd edib. O, Ramazan ayının cəmiyyətin fərdləri arasındakı əlaqənin gücləndirilməsində də xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.

Vebinar müzakirələr və tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Вверх

Новости

Архив
alt menü