Azərbaycan Milli Mətbuatının yaranmasından 145 il ötür

22 July, 2020

Azərbaycan Milli Mətbuatının yaranmasından 145 il ötür.
22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Görkəmli ziyalı və maarrifçi-publisist Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan Milli Mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. Azərbaycanda maarifçilik hərəkatının formalaşmasına töhfələr vermiş “Əkinçi”nin cəmi 56 sayı işıq üzü görsə də, əsas məqsədi fanatizmi, cəhaləti aradan qaldırmaq, xalqı elmə, maarifə, tərəqqiyə səsləmək, onun elmi-mədəni səviyyəsini yüksəltmək olub.
Müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan Milli Mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirməyi bacarmışdır. 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyətin bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilmişdir.
Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik fəaliyyət göstərir. İnformasiya texnologiyalarının inkişafı ilə Azərbaycan mətbuatı qlobal məlumat mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşaraq tərəqqi etməkdədir.
Azərbaycan Respublikasının Prezidentii cənab İlham Əliyevin mətbuatın inkişafı, jurnalistlərin rifahı naminə atdığı addımlar, kütləvi informasiya vasitələrinə dəstək, media işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin Milli Mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi mətbuata qayğının bariz nümunəsidir.
Azərbaycan İlahiyyat İnstitutu fəaliyyətə başladığı vaxtdan etibarən kütləvi informasiya vasitələri ilə əlaqələrini inkişaf etdirir. Vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri, o cümlədən dini dəyərlərin təbliğində media nümayəndələri vəzifələrinin öhdəsindən layiqincə gəlirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 145 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncamdan irəli gələrək, Azərbaycan İlahiyyat İnstitutu ali təhsil müəssisəsinin fəaliyyətini obyektiv işıqlandıran, fəallığı ilə seçilən mətbuat nümayəndələrini təbrik edib. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla media nümayəndələri təltif olunublar.

sub menu