Zaqatala rayonu Əliabad İslam Kollecinin tələbələri Aİİ-də

02 May, 2019

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) III ixtisas qrupuna sənəd verəcək abituriyentlər üçün aprelin 22-dən mayın 22-dək “Açıq qapı” günləri elan edib.

“Açıq qapı” günləri çərçivəsində Zaqatala rayonu Əliabad İslam Kollecinin tələbələri Aİİ-ni ziyarət ediblər.

Aİİ İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov qonaqları salamlayaraq, ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Bildirib ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradılıb.

Dövlət tərəfindən İnstitutda yaradılmış lazımi şəraitdən bəhs edən M.Mürsəlov tələbələrə dəstək xidməti haqqında məlumat verib. Bildirib ki, İnstitutda təhsil tamamilə ödənişsizdir, tələbələr pulsuz dərslik, geyim və yeməklə təmin olunurlar.

Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova kollec tələbələrinə İnstituta qəbul qaydaları haqqında məlumat verib. Qeyd edib ki, ali təhsil müəssisəsində magistratura və doktorantura səviyyələri üzrə də qəbul aparılır. F.Yusifova xarici dillərə yiyələnmək imkanları; təqaüd proqramları; xaricdə təhsil imkanları; İnstitutun beynəlxalq əlaqələri; tələbələrin sosial həyatı; yay və qış məktəbləri haqqında ətraflı məlumat verib.

Aİİ-nin İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazov mövcud ixtisaslar haqqında bəhs edib. Qeyd edib ki, İnstitutda Dinşünaslıq və İslamşünaslıq ixtisasları üzrə tələbə hazırlığı aparılır. Ə.Niyazov tədris prosesi, məzunlar üçün iş imkanları haqqında da qonaqları məlumatlandırıb.

Daha sonra Zaqatala Əliabad İslam Kollecinin tələbələrini maraqlandıran suallar cavablandırılıb.

Sonda tələbələr ali təhsil müəssisəsi ilə yaxından tanış olub, İnstitutun kitabxanasına, dərs otaqlarına baxış keçiriblər.

Qeyd edək ki, Aİİ-nin təşkil etdiyi “Açıq qapı” günləri mayın 22-nə qədər davam edəcək.

alt menü