İstanbul şəhərində “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda ikigünlük elmi konfrans öz işini başa vurub

22 Oktyabr, 2019

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk Ocaqları İstanbul şöbəsi, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə Türkiyə Respublikasının İstanbul şəhərində “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda ikigünlük elmi konfrans öz işini uğurla yekunlaşdırıb.

Bağlanış mərasimində Türk Ocaqları İstanbul şöbəsinin müdiri Cezmi Bayram Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi münasibətilə keçirilən Simpoziumun işini yüksək qiymətləndirib. Vurğulayıb ki, belə tədbirlərin keçirilməsi qarşılıqlı-faydalı əməkdaşlığa, mövcud tərcübələrin bölüşülməsinə və paylaşılmasına böyük töhfə verir. Əhməd bəy Ağaoğlunun təkcə Azərbaycan üçün deyil, eləcə də Türkiyə üçün önəmli şəxsiyyətlərdən biri olduğunu, böyük mütəfəkkirin türk ocaqlarının yaradılmasında yaxından iştirak etdiyini qeyd edib. Bildirib ki, təşkilatın quruculuq fəaliyyəti də onun evində aparılıb.

Simpoziumda Aİİ rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov yekun nitqi ilə çıxış edərək, Azərbaycan İlahiyyat İnstitutunda keçirilən konfransın davamı olaraq İstanbulda keçirilən “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda elmi konfransın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi ilə bağlı imzaladığı Sərəncam böyük mütəfəkkirə dövlət səviyyəsində verilən dəyərin, hörmət və ehtiramın ən yüksək ifadəsidir.

Aİİ rəhbəri qeyd edib ki, bu Sərəncama uyğun olaraq, İstanbul Universitetində də keçirilən elmi konfransda görkəmli şəxsiyyətin həyat və yaradıcılığı, onun Azərbaycan Xalq Cümhuriyyəti Parlamentindəki fəaliyyəti, Türkiyə Cümhuriyyətinin ictimai-siyasi həyatında, həmçinin “Difai” təşkilatının yaradılmasında rolu, ədəbi və ictimai fəaliyyəti, İslam və milliyyətçiliklə bağlı düşüncələri, milli mübarizəsi və yaradıcılığında multikultural dəyərlərin tərənnümü kimi mövzuları əhatə edən məruzələr dinlənilib.

İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutunun müdiri Mustafa Balcı Azərbaycan İlahiyyat İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk Ocaqları İstanbul şöbəsi, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfransda dinlənilən məqalələrin hər birini yüksək qiymətləndirib.
Millət vəkili Fazil Mustafa Əhməd bəy Ağaoğlunun əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsil səviyyəsi ilə ölçüldüyünü vurğulayıb. Qeyd edib ki, Əhməd bəy Ağaoğlu milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınmışdır. F.Mustafa simpoziumda böyük mütəfəkkirin həyat və yaradıcılığında bilmədiyimiz bir çox məsələlərlə tanış olduqlarını nəzərə çatdırıb.

Türkiyənin Ankara Universitetinin professoru Mübariz Süleymanlı və Trakya Universitetinni dosenti Mehmet Kaan Çelen böyük mütəfəkkir Əhməd bəy Ağaoğluya həsr olunan konfransın təşkilatçılarına minnətdarlığını bildirib. Qeyd edib ki, dahi mütəfəkkirin 150 illik yubileyinə həsr olunan bu konfrans onun həyat və yaradıcılığının daha dərindən araşdırılmasına səbəb olub.

Qeyd edək ki, konfransda məruzə ilə çıxış edən 20-dən çox alimin “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda toplanmış məqalələri kitab şəklində çap olunacaq.

alt menü